Xəbər verdiyimiz kimi, oktyabrın 29-da saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 nəfərin meyiti tapılıb.
Qlobal.net xəbər verir ki, araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə öz həyatını sonlandırmasına dair şübhələr müəyyən edilib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər əmiqızı-əmioğlu olublar, bu Azər Rəfiyevin ikinci nikahı olub, evdə yalnız ikisi yaşayırlarmış. Azər Rəfiyevin bacısı onlara dəfələrlə zəng etsə də, telefona cavab verən olmayıb. Bundan sonra isə aidiyyəti qurumlara müraciət olunub. Qapı qırıldıqdan sonra hər iki şəxsin evdən meyiti tapılıb.
Azər Rəfiyevin və İradə Rəfiyevanın uşaqları olmasa da, A.Rəfiyevin birinci nikahdan övladı var imiş. Hadisənin bir neçə gün öncə baş verdiyi ehtimal edilir, onların meyitləri evdə bir neçə gün qalıb. Yalnız Azər Rəfiyevin bacısının zənglərinə cavab gəlmədikdən sonra hər iki şəxsin öldüyü məlum olub.
Qeyd edək ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.