Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib.
Qlobal.net Qafqazinfo-ya
istinadla bildirir ki, dələduzluqda ittiham edilən tanınmış idmançı
barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2
ay müddətində həbs qətimkan tədbiri seçilib.
Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev
barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli
miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış işin
istintaqı davam etdirilir.
Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər
zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt
sakini A.Ağayevdən satmaq adı ilə “Land Rover” markalı avtomobili alaraq
dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263
500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı
M.Əliyevə xaricdən “Range Rover Sport” və “Bentley” markalı avtomobillər
gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl
etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.
Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus
daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat
aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib.
Zərərçəkmiş şəxslər geridə qalan uzun müddət ərzində Elman
Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar
vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq
istədiyini də iddia ediblər.
Hazırda açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.