Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb.
Qlobal.net xezerxeber.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını iddia edirlər.
Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox borc gəlib.
Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc var.
Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.
Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o, özü də dələduzların qurbanı olub.
Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirib. Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları, nə də pul alıb sənəd imzalatdıranları tanıyır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.
Daha ətraflı videomaterialda: