Bakıda ər arvadı ilə başqasının yazışmasını tutdu: Kişini oğurladılar və...
Bakı Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə və
seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Zamiq
Vəliyev və Saqif Məmmədovun (hər iki şəxsin ad, soyadı şərtidir)
barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Zamiq Vəliyev 3 il 1 ay və Saqif Məmmədov isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Zamiq Vəliyev qohumu, Saqif Məmmədovla zərərçəkmiş Alim
Həsənovun (ad, soyadı şərti) həyatı və ya sağlamlığı üçün təhlükəli olan
zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan
məhrumetmə barədə razılıq əldə edib və cinayət əlaqəsinə girərək
qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib.
Belə ki, 2019-cu il tarixdə, saat 21:30 radələrində Zamiq Vəliyev həyat
yoldaşının istifadəsində olan “Nokia” markalı mobil telefonundakı
yazışmalardan zərərçəkmiş ilə intim əlaqəsi olmasını güman edib. O, Alim
ilə həmin mobil telefon vasitəsilə arvadının adından “WhatsApp”da
yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb, qisas niyyəti ilə
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan
ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət edib.
Zərərçəkmiş saat 23.00 radələrində həmin evin giriş qapısına gəlib.
Zamiq Saqiflə birlikdə onun qolundan tutub, fiziki zor tətbiq etməklə
həmin fərdi yaşayış evində saxlayıblar.
Həmin şəxslər orada Alimin cinsiyyət orqanını kəsəcəyi hədəsi ilə lüt
soyunmasını tələb edib, dizi üstə oturtmaqla Zamiqin həyat yoldaşı ilə
münasibətləri haqqında suallara cavab verməyə məcbur ediblər. Onlar
zərərçəkmiş şəxsi telefon ilə çəkiblər. Daha sonra Zamiqlə Saqif onu
şillə və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək
burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün
qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı
nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan yüngül zərər
vurublar.
Daha sonra onlar zərərçəkmiş şəxsi polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlayıblar, zor tətbiq ediblər.