photo_59745132
Bakıda ata 5 aylıq qızını BOĞDU: "Ərim oğlan uşağı istəyirdi"

CİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il yanvarın 15-də Bakının Səbail rayonu, “20-ci sahə” adlanan ərazisi, Y.Mürsəlov küçəsi 41A ünvanında 5 aylıq Yağmur Nəsirovanın öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub və əraziyə baxış keçiriblər.

Uşağın atası Güloğlan Nağıyev bildirib ki, qızı ağladığı üçün, onu sakitləşdirə bilməyib. Uşağın səsinə əsəbləri dözmədiyindən onu yataq otağında, üzü üstə çarpayıya uzadaraq, yorğanla üstünü tam bağlayıb. Bundan sonra övladının səsi nisbətən zəifləyib. Üstünü açıb, nəfəs almadığını görərək əvvəlcə ona süni nəfəs verib, daha sonra uşağı dəhlizdə divana uzadaraq, Təcili Tibbi Yardıma zəng vurub. Həkimlər evə gələrək, artıq qızının öldüyünü bildiriblər.


Yağmurun meyiti

Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az dəhşətli hadisənin istintaq materiallarını əldə edib.

İş üzrə dindirilmiş Güloğlan Nağıyev bildirib ki, 2012-ci ildə Məriyam Nəsirova ilə evlənib, nikahdan Səidə və Yağmur adlı övladları dünyaya gəlib:

“Arvadım müxtəlif marketlərdə işləyirdi. Mən də evdə uşaqlara baxırdım. 2021-ci il yanvarın 14-də axşam Məriyamla yenə də işə getməsi ilə bağlı mübahisə etdim. Ona evdə oturub, uşaqlara baxmağı tapşırsam da, səhəri gün o yenə işə getdi. Yatmışdım, böyük qızım şkafın üzərindəki suveniri götürmək istəyərkən, əşya başıma düşdü. Əsəbiləşib yuxudan oyandım. Bu zaman balaca qızım ağlamağa başladı. Günorta uşaqlara yemək verdim. Yağmur yemək yeyərkən də ağlayırdı. Uşağın səsinə əsəblərim dözmədiyi üçün, yataq otağına aparıb onu ağzı üstə yatağın üzərinə atdım. Daha sonra yorğanla üstünü tam bağladım. Məqsədim Yağmuru sakitləşdirmək idi. Digər otağa keçib böyük qızımla televizora baxırdım. 2 dəfə otağa keçdim baxanda uşağın yenə də ağladığını gördüm. Axırıncı dəfə otaqdan çıxandan 5 dəqiqə sonra Yağmurun səsi kəsilmişdi. Yorğanı üzərindən çəkəndə gördüm ki, qızımın nəfəsi gəlmir. Ona süni nəfəs verib sonra “103” xidmətinə zəng etdim. Tibbi yardım işçiləri evə gəldi, dedilər ki, hər şey gecdir, uşağın öldüyünü bildirdilər”.

Güloğlan Nağıyev

Zərərçəkmiş şəxsin hüquqi varisi Məriyam Nəsirova ifadəsində göstərib ki, müxtəlif marketlərdə xadimə işləyib: “Həyat yoldaşımla mübahisələrimizin səbəbi Güloğlanın məndən oğlan uşağı istəməsi, həmçinin işləməyimə narazılıq etməsi idi. 2020-ci ilin sentyabr ayında axşam işdən evə qayıdanda, içkili olan ərim mənimlə mübahisə etdi. Məni evdən qovdu və uşaqları döydü. 2 gün parkda yatdım. Güloğlanın məni döyməsi və evdən çıxartması ilə bağlı 8-ci polis bölməsinə şikayət etdim. Daha sonra polis əməkdaşlarının köməkliyi ilə evə qayıtdım. Hadisədən bir həftə əvvəl işdən evə qayıdarkən balaca qızım Yağmurun boğazında qırmızı iz və ağzından köpük gəldiyini gördüm. Ərimin bu hərəkətlərinə baxmayaraq, işə gedərkən məcbur qalıb uşaqları onun yanına qoyurdum. Yanvarın 14-də axşam yenə də Yağmurun sifətinin göyərdiyini gördüm. Güloğlandan nə baş verdiyini soruşduqda, o əli ilə uşağın üzünü tutub, sıxdığını dedi. Dedi ki, uşaqların səsini qəbul etmir, buna səbri çatmır. Ayın 15-i saat 20 radələrində işdən evə gələndə, Yağmurun öldüyünü bildim”.

İstintaq fotosu

Şahid Solmaz Zamanova ifadəsində göstərib ki, 19 saylı təcili tibbi yardım stansiyasında səyyar briqada həkimi işləyir: “Yanvarın 15-i saat 16 radələrində “103” xidmətinə daxil olan məlumatla əlaqədar feldşerlə birlikdə 20-ci sahə qəsəbəsinə yollandıq. 2020-ci il təvəllüdlü Yağmur Nəsirova dəhlizdə divanın üzərində idi. Uşağı müayinə edib, öldüyünü müəyyən etdik. 

Nə baş verdiyini soruşduqda, atası arvadından gileyləndi, uşaqları evdə onunla tək qoyub işə getdiyini, ağladığına görə Yağmuru yataq otağında çarpayının üzərinə tulladığını və onun yorğanın altında qalaraq, öldüyünü dedi. Bundan sonra baş vermiş hadisə barədə 8-ci Polis Bölməsinə məlumat verdim”.

Yağmurun üstünə atılan yorğan

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Güloğlan Nağıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin baş verdiyi ev

15.06.2022 14:16
show 264