photo_74962931
Bakı-Sumqayıt yolunda dözülməz tıxaclar olacaq – “Bu dəyişiklik ləğv edilməlidir”

Bir neçə gün əvvəl Bakı-Sumqayıt yolundan Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”ndə hərkət sxeminə dəyişiklik edilib.

Dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola – Xırdalana dönmək ləğv olunub. Belə ki, indi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar. Həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artıb.

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov dəyişikliyi uğursuz hesab etdiyini deyib:

“Hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi üç giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi həmin giriş-çıxışın bütün yükünü digər ikisinin – Xırdalan dairəsindən və Masazır dairəsindən giriş-çıxışın üstünə atacaq. Nəticədə, onsuz da hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə tıxanan Xırdalan və Masazır dairələri daha da pis duruma düşəcək. Bu da öz təsirini Bakı-Sumqayıt yoluna göstərəcək. Üstəlik Xırdalanın şimal tərəfinə getmək istəyənlər Xırdalan və Masazır dairələrindən daxil olsalar, Xırdalanın daxili küçələrini başa qədər getməli olacaqlar. Bu da onsuz da hərəkət etmək çətin olan Xırdalan küçələrini daha da keçilməz edəcək”.

Ekspert bildirib ki, nəqliyyat axınının, xüsusən avtobus marşrutunun yürüş məsafəsinin belə ciddi artması insanların əlavə vaxt itkisi, əlavə yanacaq xərci deməkdir:

“Belə dəyişiklikdən sonra Saray tərəfdəki geriyə dönmə yeri də əlavə yüklənəcək, orada sıxlıq və qəza şəraiti yaranacaq. Bu, Bakıdan Saray və Novxanı istiqamətlərinə gedənlər və o istiqamətlərdən gələnlər üçün əlverişlidir. Amma sadaladığım arqumentlər və ümumi maraq nəzərə alınanda edilmiş dəyişiklik səmərəsizdir və yeni problemlər yaradacaq. Ona görə də səlahiyyətli qurumlardan xahiş edirəm ki, orada hərəkət sxemini əvvəlki vəziyyətə gətirsinlər, pik saatlarında yaranan çətinliklərin həlli üçün başqa, daha səmərəli üsul tətbiq etsinlər”.

16.09.2022 13:12
show 208