Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı vəfat etdi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Aydın Məmmədov vəfat edib.
Qlobal.net Azxəbər.com-a istinadən xəbər verir ki, Aydın Yusif oğlu
Məmmədov 15 may 1932-ci ildə ziyalı ailəsində dünyaya gəlib.
Ali təhsilini bitirdikdən sonra 1957-ci ildə Sumqayıt şəhər
Komsomol Komitəsinin birinci katibi, Azərbaycan Lenin Kommunist Gənclər
İttifaqının Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləyib.
Daha sonra təhsilini Ali Partiya Məktəbində davam etdirib, İctimai
Elmlər Akademiyasının aspirantı olub, iqtisadiyyat üzrə namizədlik
dissertasiyasını müdafiə edib. 1964-cü ildən Azərbaycan SSRİ Maarif
nazirinin müavini, Bakı şəhəri Oktyabr (Nəsimi-Yasamal) rayon Partiya
Komitəsinin birinci katibi, 1971-1981-ci illər Bakı Şəhər İcra
Hakimiyyətinin sədri, 1981-ci ildən Mingəçevir Şəhər Komitəsinin birinci
katibi vəzifələrində çalışıb.
1983-cü ildə Azərbaycan SSRİ Əhaliyə Məişət xidməti naziri olub və
1988-ci ildən Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində
çalışıb. O, səkkizinci, doqquzuncu, onuncu, on birinci çağırış
Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilib.
Aydın Məmmədov Bakı şəhərinə rəhbərlik etdiyi dövrdə, paytaxtda
tikinti-quruculuq işləri, bir sıra yaşayış massivləri, metro
stansiyalar, məktəblər, tibb ocaqları, mədəniyyət sarayları tikilərək
istifadəyə verilib.
Onların içində Heydər Əliyev Sarayı, gözəlliyi ilə xalq sevgisini qazanmış Filarmoniya və Şəlalə parkları yer alır.