Cəmiyyət

Qanunsuz tikintiyə görə bağlanan “Padişah” restoranı yenidən açıldı

İkinci mərtəbəsi qanunsuz şəkildə inşa edildiyi üçün fəaliyyəti dayandırılan məşhur “Padişah” restoranı yenidən istifadəyə verilib.

Qlobal.net teleqraf-a istinadən xəbər verir ki, “Elmlər Akademiyası” metrostansiyasının çıxışında yerləşən restoranın fəaliyyəti bərpa olunub və müştərilərin qəbuluna başlanılıb.

Xatırladaq ki, obyektin uzun müddət bağlı qalmasının səbəbi ikinci mərtəbənin icazəsiz tikintisi idi. Restoranın fəaliyyəti bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmışdı.

Yoxlama zamanı müəyyən olunmuşdu ki, əvvəllər bir mərtəbə kimi fəaliyyət göstərən restoran sonradan dəmir konstruksiya ilə ikinci mərtəbə əlavə edilərək genişləndirilib. Bu zaman FHN-dən müvafiq icazə alınmayıb.

Nazirliyin rəyinə əsasən, aparılan yenidənqurma işləri tikinti norma və qaydalarının tələblərinə uyğun gəlmədiyindən, orada çalışan və xidmət alan şəxslərin həyat və sağlamlığı üçün real təhlükə yarandığı bildirilib.

Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə restoranın sahibi, 57 yaşlı Yusif M., təqsirləndirilən şəxs qismində cəlb edilib. O, əlavə mərtəbənin tikintisinin Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığını, lakin FHN-dən icazə alınmadığını bildirib.

Məhkəmənin hökmü ilə Yusif M. Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdə onun aylıq qazancının 20 faizinin dövlət nəfinə tutulması nəzərdə tutulub.

Maraqlıdır, FHN-in təhlükəli saydığı obyekt bu dəfə hansı əsasla yenidən fəaliyyətə başlayıb? Görünür, restoran sahibi dediyi kimi, bu dəfə də icazəni icra hakimiyyəti xətti ilə almağa müvəffəq olub.

Related Articles

Leave a Reply

Back to top button