Sumqayıtda kurs rəhbəri olan qadın dələduzluqda ittiham olunur.
Bu barədə “Yeni Müsavat”ın redaksiyasına şikayət daxil olub.
Şikayətdə bildirilir ki, özəl kurs rəhbəri olan Zərinə Səfixanova vətəndaşın etibarından sui-istifadə edərək onu aldadıb. Kurs rəhbəri ümumi olaraq 5550 AZN məbləğində pulu mənimsəyib.
Sözügedən şikayəti olduğu kimi təqdim edirik: “Mən, Ayşən Azərli Azər qızı pandemiya dönəmində "B-Academy" onlayn kursuna qoşulub, Zərinə Səfixanova Natiq qızından 2 aylıq rus dili dərsi almışam. 27 İyun 2022-ci il tarixində Zərinə Səfixanova Natiq qızı mənimlə əlaqə saxlayaraq uşağının başına su yığıldığını və həmin gün təcili əməliyyat edilməli olduğunu bildirdi. Daha sonra məndən borc olaraq maddi dəstək istədi. Mən isə əməliyyat pulunu tamamlamaq məqsədi ilə özüm də daxil olmaqla tanışlarımdan 1000 azn məbləğində pul yığdım və həmin şəxsə göndərdim. İlk əməliyyatın Ege Hospitalda, 2-ci əməliyyatın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu bildirdi. Daha sonra həmin şəxs məndən dəfələrlə eyni bəhanə ilə borca pul istədi. Mən isə hər dəfə inanıb ona pul göndərirdim. Məbləğlər 800, 1000, sonra yenədən 1000 AZN , 700 AZN , 250 AZN və 800 AZN olmaqla, cəmi 5550 AZN təşkil edir. Mənə hər dəfə vəd verirdi ki, maşını var və onu sataraq borcunu qaytaracaq. Ancaq sözünü tutmadı. Sonra nə zənglərimi açdı, nə də mənimlə əlaqə saxladı. Məsələdən şübhələnib 2022-ci ilin payız aylarında Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə şikayət etdim.
Daha sonra Bakı Şəhər Baş Polis İdarəsindən məni çağırdılar və 3 dekabr 2022-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinə gedib, orada ərizə yazdım. Həmin şəxs də idarədə ərizə yazdı. Ərizəni yazarkən məlum oldu ki, uşaq onun öz uşağı belə deyilmiş. Etibarımdan sui-istifadə edib. Mən isə olmayan "xəstə uşağa" görə günlərlə, hətta aylarla pis olub, nələrsə etməyə çalışdırdım və edirdim də. Zərinə Səfixanova Natiq qızı ərizəsində bildirdi ki, hər ay mənə 500 AZN ödəməklə borcunu bağlaya biləcək. Lakin təəssüf ki, verdiyi sözün üzərində yalnız 2 ay dura bildi. Bakı Şəhər Baş Polis İdarəsinin nəzarəti ilə 400 AZN, 600 AZN və 100 AZN olmaqla, 5550 manat ümumi məbləğdən yalnız cəmi 1100 manat geri qaytardı. Sonra isə bəhanələrinə davam etdi. Hal-hazırda onun mənə 4450 manat ödəməli olduğu məbləğ qalıb. Bunu is ondan heç cürə ala bilmirəm”.
Qeyd edək ki, Zərinə Səfixanova hazırda "Sumqayıt Business Center"də yerləşən "ZM Language Centre" adında özəl kursun rəhbəridir. Eyni zamanda "Sumqayit Business Center"də yerləşən özəl mini bağça olan "Edinorojka İnkişaf Mərkəzi" və "Kolobok Tədris Mərkəzi"ndə direktor vəzifəsində çalışır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu göndərdik. Mətbuat xidmətindən bildirildi ki, sözügedən hadisə ilə bağlı araşdırlma aparılacaq.
Eyni zamanda Zərinə Səfixanova ilə də əlaqə saxlamağa çalışdıq. Lakin Zərinə Səfixanova zənglərimizə cavab vermədi. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.