Xəbər verildiyi kimi Bakıda azyaşlı qız atası tərəfindən
fiziki zorakılığıa məruz qalıb. Hadisə Xəzər rayonunun Türkan
qəsəbəsində baş verib. Qəsəbə sakini 1983-cü il təvəllüdlü Elnur Əltəmas
oğlu Məmmədov azyaşlı qızını döyüb. İddialara görə atanın qızına fiziki
təzyiq göstərməsi anını hər gün qızları ilə birgə şiddət görmüş ana
lentə alıb.
Məsələni ictimailəşdirən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə
Ağazadə ailəsinə işgəncə verən şəxsin cəzalanması üçün hüquq-mühafizə
orqanlarına səslənib.
Qlobal.net bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevin
sözlərinə görə görüntülərlə bağlı məsələ nəzarətə götürülüb: "Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma
başlayıb, müvafiq ekspertizalar təyin edilib. 1983-cü il təvəllüdlü
Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov
şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".
Kəmalə Ağazadə əlavə olaraq saytımıza bildirib ki, şiddət görən ailənin
təhlükəsizliyi aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir: "Fiziki təzyiqə məruz qalan qız, iki bacısı və ana atanın yanındadır.
Çalışırıq ki, onlar mühafizə ordeni ilə təmin olunsun. Xəzər Rayon İcra
Hakimiyyətindən də bildirilib ki, mühafizə ordeninin təmin olunması ilə
bağlı iş aparılacaq. Amma əsas məsələ həm də Vəkillər Bürosundan ailəyə
ödənişsiz vəkil ayrılmasıdır".
Kəmalə Ağazadə onu da əlavə edib ki, şiddət görən azyaşlının sığınacağa yerləşdirilməsi nəzərdə tutulmur: "Onların evləri var və qız da bildirir ki, atasının yanında qalacaq.
Qardaşı da yanındadır. Sadəcə ana özünün və qızlarının həyatının rahat
keçməsi üçün təhlükəsizlik qaydalarına uyğun mühafizə ordeni ilə təmin
olunmasını istəyir".
Bizim.Media məsələ ilə bağlı digər təfərrüatları da əldə edib. Məlum
olub ki, azyaşlı qızını döyən Elnur Məmmədovun əmisi öz yoldaşını 20 il
öncə küçənin ortasında amansızcasına qətlə yetirib. Qətli törədənin
psixoloji problemləri olduğu üçün bir müddət Psixiatriya
Xəstəxanalarından birində müalicə olunub çıxdığı və daha sonra öldüyü
iddia olunur.
Hətta Elnur Məmmədovun bir neçə gün əvvəl qardaşları ilə birgə öz
qayınatası Böyükağa Əzizağa oğlu Əliyevi döyüb xəstəxanalıq etdiyi,
döyülən şəxsin isə hazırda reanimasiyada müalicə aldığı da deyilir.
İddialarla bağlı adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.