“Azəriqaz” və “Azərsu” sizi belə aldadır – Ağlasığmaz üsul
“Azərsu” və Azəriqaz” əhali qarşısında öhdəliklərini yerinə yetirmirlər”. Bu sözləri Globalinfo.az-a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib.
O, artıq 7-8 ildən çoxdur bu məsələ barədə irad bildirdiyini, nəticənin olmadığını deyib:
“Səhv etmirəmsə, Azərbaycana 2012-ci ildə smart tipli sayğaclar
gətirildi, ödənişlər kartla oldu. Lakin sonradan yavaş-yavaş mexaniki
sayğaclar gətirildi və bizim Neftçilərin Hüquqlarının Müdafiəsi
Təşkilatının “Azəriqaz”da olan eksperti dedi ki, bu sayğaclarda deffekt
var, bunlar heç də yaxşı deyil. Amma buna məhəl qoymadılar. Zaman
keçdikcə həmin söz təsdiqini tapmağa başladı”.
Mirvari Qəhrəmanlı
M.Qəhrəmanlı deyib ki, sayğaclar dəyişdirildikdən sonra onlara rayonlardan çoxlu sayda şikayətlər daxil olmağa başlayıb:
“Regionlarda əsasən mexaniki sayğaclar olduğu üçün gəlib əhaliyə
müxtəlif bəhanələrlə 1550 manat cərimə yazırdılar ki, guya sayğac
işləmir, deşiblər və s. Lakin bu, hesaba düşməyən qaz sərfiyyatı ilə
əlaqədardır”.
NHMT rəhbəri Nazirlər Kabinetinin 80 saylı qərarında qaz və sudan istifadə qaydalarının olduğunu bildirib:
“Həmin qərarın 4-cü bəndində öhdəliklər var ki, qaz sayğacının
xarab olmasına, hər hansı bir hadisə baş verməsinə görə abonent
məsuliyyət daşımır. Amma buna baxmayaraq, qaz sayğacına müdaxilə adi ilə
əhalinin üzərinə qeyri-qanuni borc yükləyirlər.
Bilirsiniz ki, DOST xidməti vasitəsilə işləmək üçün idarə və
müəssisələrə insanlar göndərilir. Onlar da işə müqavilə əsasında qəbul
olunurlar. Aprel ayında müqavilə əsasında çalışan həmin şəxslərdən 4
nəfərin müqaviləsi uzadılmayıb. Onları ittiham ediblər ki, guya 4 nəfər
öz qaz sayğacına müdaxilə edib. Onların isə qaz sayğacları evdə deyil,
küçədən asılıb”.
M.Qəhrəmanlı vurğulayıb ki, “Azəriqaz” Dövlət Neft Şirkətinin
tərkibində olduğuna görə bu kimi hallar dövlət tərəfindən araşdırılmalı,
müstəqil yoxlamalar aparılmalıdır:
“Azəriqaz”ın əhaliyə qarşı apardığı “xidmət”də çoxlu fəsadlar,
müdaxilələr var. Ən yaxşısı smart tipli sayğaclar idi. İndi onları
mexaniki sayğaclarla əvəz edirlər. Belə qənaətə gəlirəm ki, burada qaz
itkisinin qarşısının alınması məqsədi güdülür. Bu sayğacların
etibarlılığı şübhə altındadır.
Apardığım araşdırmalara görə, “Azəriqaz” işçilərin boynuna plan
qoyub, onlar da əhalini məcbur edib pul alırlar. Az pul yığan işçi
töhmət alır, töhmət çox olarsa, işdən çıxarılır.
İstər “Azərsu”, istərsə də “Azəriqaz” öhdəliklərini yerinə
yetirmir. Həm də əhali ilə qurumlar arasında bağlanan müqaviləyə
baxılmır. Bu problemlər aradan qaldırılmalı və araşdırılmalıdır”.