photo_69357015

Azərbaycanlılar hökmən ölənə yaxın pensiyaya çıxmalıdır? - “Tələblər yumşaldılmalıdır”

“Azərbaycanda pensiyaçıların ümumi sayı açıqlanıb. Bu say əhalinin 12%-ini təşkil edir. Ümumiyyətlə, pensiyaçıların sayı yeni təyin edilmiş və müxtəlif səbəblərdən müavinətləri dayandırılmış şəxslərin sayından asılı olaraq dəyişə bilər. Ən önəmli məsələ, pensiyaçıların sayına təsir edən amillərin araşdırılmasıdır”.


Qlobal.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Elmir Səfərli deyib.

O, pensiya yaşının da azaldılmalı olduğunu söyləyib:


“İlkin olaraq pensiya təminatına dair qanunvericilik aktlarında edilmiş dəyişikliklər və eləcə də, pensiya təminatı sisteminin sığorta təminatı sisteminə uyğunlaşdırılması pensiyaçıların sayının azalmasına təsir edən önəmli amildir. İkincisi, pensiya yaşının artırılması ilə bağlı məsələdir. Üçüncü məsələ şəxslərin pensiyaya çıxması ilə əlaqəli ortaya qoyulmuş tələblərdir. Bütün bunları nəzərə alaraq növbəti illərdə də pensiyaçıların sayında azalma müşahidə olunacaq. Hətta Hesablama Palatası da 2022-2023-cü illər üzrə pensiyaçıların 25 min nəfər azalmasını proqnozlaşdırır”.


Elmir Səfərlinin sözlərinə görə, Avropada da pensiyaçıların yaş həddi hər zaman müvafiq qanunvericiliklərə uyğun olaraq dəyişir. “Məsələn, Avstriyada kisilərin pensiyaya çıxma yaşı 61-65 yaş arası, qadınlarda isə 56-60 yaş arası dəyişməkdədir. Estoniyada kişilər 63, qadınlar isə 61 yaşında pensiyaya çıxır. Finlandiyada həm qadın həm kişilər 63 yaşından sonra pensiya alır. 


Azərbaycanda müəyyən qədər də olsa, pensiya yaşı mütləq azaldılmalıdır. Doğrudur, bu yaş həddinin azaldılması dövlət büdcəsinin xərclərinə təsir edir. Lakin müvafiq sahələrə uyğun olaraq pensiya yaşının optimallaşdırılması ilə müəyyən qism əhalinin sosial yaşayış təminatının yaxşılaşdırılması mümkündür. Eləcə də, pensiya almaq üçün müvafiq qanunvericilik tələblərində optimallaşdırılma aparılmalı və pensiyaya çıxma üçün qoyulan tələb yumşaldılmalıdır”.

21.01.2022 13:53
show 723