Erməni terrorçu Vitali Balasanyanın həbsi xəbəri yayılan kimi erməni və bizim bəzi sosial mediadan istifadə edənlər başlayıblar yazmağa ki, bəs, Vitali Azərbaycana pislik etməyib, Allahverdi Bağırov ilə dostluq edib, xocalıları geri qaytaran odur və s. Bunlar hamısı yalandır.
Qlobal.net kult.az-a istinadən xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev bildirib.
O qeyd edib ki, Vitali ilə Allahverdi nə müharibədən öncə, nə də müharibə vaxtı dostluq edib:
"Rəhmətlik Allahverdi hər zaman deyirdi ki, bu alçağın dini-imanı puldur, anasını da satar pula görə. Bu sözləri deyən Qarabağın Aslanı Allahverdinin onunla dostluq etməsinə inana bilərsiz?
Vitalinin həyatında cəmi bir dostu olub. Onunla birgə Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən, birlikdə Xocalı soyqırımını həyata keçirdiyi Serj Sərkisyan. Onlar 90-cı illərdən Qarabağda erməniləri döyüşə qatmaq üçün iş görüblər. Müharibəyə getmək istəməyən ermənilərin qız-gəlinlərini Serjlə birlikdə zorlayıb, qorxu yaradıblar. Xocalıda insanlığa sığmayan vəhşətlər törədiblər. Körpə qızların və qadınların qızıl əşyalarını Serj, kişilərin qızıl əşya və dişlərini isə Vitali toplayıb.
Balasanyan "Daşnaksütyun" partiyasının üzvüdür. Həm qondarma "artsax rejimi"nin, həm də Ermənistanın "xaç qəhrəmanı"dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub. Əgər belə dost idisə, Allahverdinin getdiyi kənddən geri qayıdan yoluna necə mina basdırırdı? Demək, Vitali, sadəcə, pul qazanmağı düşünüb - meyit və əsir satmaqla".
Alim vurğulayıb ki, illərdir mediada yayılan bu yanlış xəbərə konkret cavab verir:
"Vitali Balasanyan ilə Allahverdi Bağırov ilk dəfə Xocalı faciəsi baş verəndən sonra tanış olublar. Özü də Əsgəran yaxınlığında, 19-cu postda. Onların arasında əvvəldən heç bir dostluq olmayıb. Bu münasibətlər isə Allahverdinin əsirləri və girovları geri qaytarması üçün qurulub.
Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi xanım Dürdanə Ağayeva müsahibəsində deyir: "O vaxt ermənilər əsirlərin müqabilində benzin, siqaret tələb edirdi. Amma Allahverdi Bağırov heç vaxt ermənilərin tələb etdiklərini anamdan istəməyib ki, məni azad etsin. Özü Ağdam camaatından ermənilərin istədiklərini yığıb verib, bizləri azad edib".
Vitalinin Allahverdi ilə bağlayan yalnız onun arada Ağdama, sovet dövründə Bağırovlar ailəsinə məxsus restorana gəlib, yemək yeməsi olub.
Erməni mediasında yazılır ki, guya Vitali Allahverdinin Ağdam rayonu ərazisindəki məzarını da dağıdılmaqdan qoruyub. Lakin onun yalanı sonradan üzə çıxdı. Ağdam işğaldan azad edildikdən sonra şahidi olduq ki, Allahverdi Bağırovun məzarı demək olar ki, dağıdılıb və erməni vandalizminə məruz qalıb. Vitalinin Allahverdi ilə heç bir dostluq əlaqəsi olmadığını bu faktdan da görmək olar".
Vitali Balasanyan haqda alim qeyd edib ki, o, Qarabağda 5 mart 1959-cu ildə doğulub:
"Uşaqlığı da, gəncliyi də orada keçib. 1990-cı ildən Əsgərandakı silahlı birləşmələrə komandanlığı məhz Balasanyan edirdi. Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını təsdiq edən kadrlar da hazırda əlimizdə var.
Digər video-müsahibəsində o etiraf edir: "1988-ci ilin 22 fevralında məşhur Əsgəran hadisələrinin təşkilatçı, atəş açan, öldürən, yaralayan mən olmuşam".
Bayrağı təhvil verməyib təslim olan cəsur döyüşçü Natiq Qasımovu əsir alan da, dindirən də, işgəncə verən də Vitali Balasanyandır.
1988-ci il 20 fevralda Xankəndi Mərkəzi Xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Bundan cəmi iki gün sonra azərbaycanlılar və ermənilər arasında birbaşa qarşıdurma atışmaya çevrildi. Nəticədə iki azərbaycanlı gənc həyatını itirdi. Məhz bu zorlamanın və iki azərbaycanlının qətl edilməsinin başında da bu Vitali dururdu. Bunu özü "News.am" saytına müsahibəsində də etiraf edib.
366 saylı rus motoatıcı alayının köməkliyi ilə dinc insanlara qarşı törədilən vəhşilikdə "əfsanəvi general" ünvanı qazanan Vitali bəşəriyyətin rast gəlmədiyi yırtıcıdır.
Bütün bu faktlar sübut edir ki, Vitali Balasanyan qatildir, terrorçudur və ən ağır cəza almalıdır.
Bu qatili ilə Allahverdi Bağırovun guya dost olduğu haqda nağılları isə bitirin!"