Azərbaycanlı Şəmmədlə fransız qızın nakam sevgisi – Körpə oğlu ilə İmişlidə unudulan zərif qadın

Onun həyatı bir qadın kimi çoxlarına əsl sevgi və sədaqət nümunəsi idi.
İvon Botto 1928-ci ildə Monako knyazlığında anadan olub. Fransız idi. 1945-ci ildən Azərbaycanda, İmişli rayonunun Muzuğalı kəndində yaşamışdır. On yeddi yaşında – II Dünya Müharibəsi qurtarandan sonra Fransada almanlara qarşı vuruşan azərbaycanlı bir əsgərlə – Şəmməd Şirməmmədovla ailə qurmuş, onunla birlikdə “dünyanın ən gözəl və azad ölkəsinə” -SSRİ-yə yaşamağa gəlmişdir.
Sevimli ərinin ölümündən sonra bir uşaqla dul qalan gənc qadın öz vətəninə qayıtmağa çalışsa da, sovetlər ölkəsinin diktatura rejimi ona ölkədən çıxmağa icazə vermir.
19 may 1939-cu il. Fransadan, İtaliyadan min kilometrlərlə uzaqda Azərbaycan Sovet Sosialist Respublikasının İmişli rayonunun Murquzallı kəndindən olan Şəmməd Şirməmmədov dəmiryol vağzalında dayanıb gələcəyi gözləyir…
“İvon Bottonun arzuladığı həyat” kitabında insanların taleyi sanki səmadan görünən aydın xətlə izlənilir. Yollar keçmişlə gələcəkdə, olanlarla olacaqlarda birləşir. Azərbaycanlı Şəmməd dünyanın düz vaxtı hərbi xidmətə çağırılır. O, üç nəfər azərbaycanlı ilə Ukraynada Rava Ruska şəhərində əsgərliyi başa vurub qayıtmağa hazırlaşdıqları gecə, hə, o gecə 1941-ci il, iyunun 21-də müharibə başlayır…
“1941-ci il iyun ayının 22-də, səhər saat 4-ə yaxın Rava Ruskadan 1500 km aralıda, Moskva ətrafındakı hökumət bağında yatan Stalini telefon zəngi oyadır. Xəttin o biri başında general Jukov həyəcanlı səslə bircə cümlə deyir: “Yoldaş Stalin, müharibə!” (“İvan Bottonun arzuladığı həyat”).
Şain Sinarianın ustad təhkiyəsini gerçək faktlar təsdiqləyir, zamanın küləkləri hadisələrin istiqamətini dəyişir, əsər boyu şaxələnən xətlər gözlənilməz bir nöqtədə birləşir.
Almanlar Ukraynanın bir hissəsini işğal edir,Şəmməd dostları ilə sərhədin o üzündə qalır…
… Bu taleyin zarafatı deyil, bu taleyin özüdür. Şəmməd və dostları oddan, alovdan keçir, yaşamaq, sağ qalmaq, vətənə dönəcəkləri günü yalnız xəyal edirlər…
… İvon artıq böyük qız olub. Atasının kommunizm xülyaları bu diribaş, qaraşın, yaşıl gözlü qızın xəyallarına hakim kəsilir. Kranın bir gözündən süd, bir gözündən bal axan Sovet ölkəsi üçün ürəyi gedir. Qızıl ordunun əsgəri Şəmməd də ilk baxışdan İvona aşiq olub. Üstəlik milyonlarla insanın qanı bahasına başa gələn müharibə bitib. İki sevən gəncin qarşısını kimsə kəsə bilməz. Bircə bu nikaha İvonun anası narazıdır. Mari Botto ana ürəyi ilə hiss edir ki, qızı getməməlidir. Amma İvon qərarlıdır…
“Mənim taleyim 17 yaşımda, həyatıma dəyən güclü bir zərbədən sonra başladı. 1945-ci il avqust ayının 29-da Fransa şəhərindən keçib – SSRİ-yə – atamın sözləri ilə desək “möcüzələr ölkəsi”nə gedən qatara minən dəqiqələrdən mənim taleyimin sayğacı fırlanmağa başladı…”
O, möcüzələr ölkəsinin yerində uçuq-sökük daxmalar, ac-yalavac insanlar, işıqsız evlər, qəfəsə salınmış bir dünya görür. Bu zərif fransız qızı min bir müsibətlə əri Şəmmədlə İmişli rayonunun Murquzallı kəndinə gəlib tərsinə çevrilmiş dünyada ağlasığmaz müsibətlərə düçar olacaq, ilan mələşən düzlərdə ərini də itirib körpə oğluyla unudulan insana çevriləcəkdir.

Hamı tərəfindən unudulmaq olar, amma Tanrı heç vaxt unutmur. İvon Bottonun yalnız bir arzusu var, oğluna doyunca çörək vermək, onu ölməyə qoymamaq. Bunun üçün İvon Botto ikinci dəfə ailə qurmalıdır. Heç bir sevgidən danışmağa dəyməz, sadəcə yaşamaq üçün başqa yolu yoxdu.
İllər keçəcək, vətənindən ayrı düşmüş bu qadın ard-arda 6 uşaq dünyaya gətirəcək, Tanrı sanki bununla onun tənhalığını azaldıb, könlünü almaq istəyəcəkdi. İvan Botto nə zamansa doğulduğu torpağı ziyarət edəcəyini də xəyal edəcək, ancaq onun məktubları SSRİ-nin dəmir sərhədlərini keçsə də, dəmir qanunları keçə bilməyəcəkdir.
“2010-cu ilin yazında, vətənə qayıtmaq ümidimi tamamilə itirib, dünyanın Murquzallı adlanan bir küncündə 66 il kölgə kimi sürünən 82 yaşlı İvon Botto, nəhayət, Allahın diqqətini cəlb edir. May ayının 10-da Murquzallı kəndinin yanından axan Araz çayı birdən-birə aşıb-daşır…”
Dəfələrlə ölümlə qarşılaşan İvon Bottonun həyatını son anda nəvələri xilas edir.
“… Kim bilir, bəlkə bu müdrik çay o yazıq qadını Allahın yadına salmaq üçün məcbur olub bu vasitəyə əl atmışdı? Onun diqqətini Murquzallı kəndinə çəkmək üçün bu torpaqları öz bulanıq suallarının altına almışdı? Arazın əsl niyyətini bilməsək də, bir şeyi dəqiq bilirik: o gecə bu daşqının qurbanı olan camaatın ah-naləsinə yuxudan oyanan Allah, gözlərini ovuşdura-ovuşdura aşağı baxanda, qızı İvonu görüb tanımışdı… Əlini uzadıb, onu özüylə aparmaq istəyən Arazın sularından dartıb çıxarmışdı. Sonra isə…”
… Daşqınla əlaqədar jurnalistlər bu bölgəyə gələcək, ömrünün qürub çağını yaşayan, 66 il Vətən həsrəti ilə alışıb yanan bu qadının son istəyini bütün dünyaya bəyan edəcək, İvon Fransaya gedib əzizlərinin məzarını ziyarət edəcək və bu qadının həyatı günlərlə dünya mətbuatının gündəmindən düşməyəcəkdi.
“…İkinci Dünya Müharibəsi bitəndən sonra bir Sovet əsgərinə qoşulub Azərbaycana gedən İvon Botto 66 il qürbətdə yaşayandan sonra nəhayət, öz vətəninə qayıdıb, valideynlərinin qəbrini ziyarət edə bildi”.
“Le Telegramme” qəzeti, 12 oktyabr 2011-ci il, Fransa.
“… Hə, bu da mənim taleyim. Birinci dəfədir ki, mən taleyimi əvvəldən axıra qədər, necə var elə də kiməsə danışdım…” – deyir İvon Botto. Həyatın hər üzünü görmüş qadın, xoşbəxtliyin dadını, ayrılığın acısını, kədərin min rəngini, ümidin öldüyünü, Tanrının mərhəmətini duyan İvon Botto.
Bütün bunlar “İvon Bottonun arzuladığı həyat”dan çox cüzi məqamlardır. “İvon Bottonun arzuladığı həyat”ı göz yaşı axıtmadan oxumaq mümkün deyil. Kitabın müəllifi Şain Sinarianın ustad qələmi hadisələri şəbəkə kimi bir-birinə hörür, faktları yağ kimi hadisələrin içində əridir, tarixi olaylar öz rəngində, öz axarında əsərdən axıb keçir. Gülüşü unudan qadının duyğularının, hisslərinin, yaşantılarının əksi dünya ədəbiyyatı səviyyəsində oxucuya təqdim olunur.
Böyük məhəbbətin qurbanı da böyük olur. “İvon Bottonun arzuladığı həyat” həm də əsl məhəbbət haqqında ən yaxşı əsərlərdən biridir.
“İvon Bottonun arzuladığı həyat”dan Azərbaycanın başqa bir yeri var. Azərbaycanlıların yüksək mənəvi dəyərləri, hissləri, düşüncələri əsərdən zərif meh kimi əsib keçir.
Ömrünün ahıl çağını yaşayan fransız qadını İvon Botto Dağlıq Qarabağ problemindən, 20 Yanvar faciəsindən, Xocalı soyqırımından azərbaycanlı ana kimi ürək ağrısıyla danışır, həyatının keçdiyi bu torpağa olan sonsuz sevgisini gizlətmir.
Bir ay İmişlinin Murquzallı kəndində İvan Bottonun həyat hekayəsini dinləyən müəllif, sonda ona kömək edən hər kəsə təşəkkür edir. “Mənim son təşəkkürüm isə şəxsən sizə çatacaq əziz oxucum”, – deyir müəllif.
“İvon Bottonun arzuladığı həyat”ı oxuyan hər bir oxucu sonda yazıçı Şain Sinariaya təşəkkür etməyi unutmayacaq. Çünki bu kitab müharibə, məhəbbət və ümid haqqında bənzərsiz bir əsərdir.
Film kimi bir həyat yaşamış İvon 2018-ci ildə dünyasını dəyişir.
Ruhu şad olsun!