Azərbaycanlı qadın Türkiyədə niyə öldürüldü? – TƏFƏRRÜAT

Türkiyənin Bursa şəhərində rusəsilli 20 yaşlı Arzu Xəlilovanın 75 bıçaq zərbəsi ilə qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.
Qlobal.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin məlumata görə, A.Xəlilova birlikdə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən öldürülüb. Hadisə ilə bağlı istintaq başlanılıb.
Qətl noyabrın 3-ü saat 15:00 radələrində Yıldırım rayonunda yerləşən mənzildə törədilib. Bildirilir ki, cütlük arasında mübahisə yaranıb və bu zaman S.Mehmet mətbəxdən götürdüyü bıçaqla A.Xəlilovaya hücum edib.
Evdən gələn səs-küyü eşidən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti əlində bıçaqla saxlayıblar.
Təcili tibbi yardım əməkdaşları Arzu Xəlilovanı ağır vəziyyətdə Yüksək İxtisas Təlim və Araşdırma Xəstəxanasına çatdırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, Xəlilovanın bədənində 75 bıçaq yarası aşkarlanıb.
İstintaq zamanı S.Mehmet ifadə verərək qətli törətdiyini etiraf edib. Onun sözlərinə görə, mübahisə zamanı qadın “alış-verişə gedirəm, uşaqlara bax” dediyi üçün əsəbiləşib və bu səbəbdən qətli törədib.
Məlumata görə, cütlüyün 3,5 və 2 yaşlarında iki qızı var.
Araşdırmalar zamanı məlum olub ki, Salican Mehmet əvvəllər dəfələrlə məhkum edilib. Onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur.
Bundan əlavə, Mehmetin öldürdüyü qadına qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edildiyi bildirilir.
Hadisə ilə bağlı Bursa Prokurorluğu tərəfindən cinayət işi açılıb. Faktla bağlı araşdırma davam etdirilir.



