
Azərbaycanlı partizan Nuru Əliyev və italyan partizan Cina arasında baş vermiş sevgi hekayəsi İkinci Dünya Müharibəsinin ən dramatik və təsirli insan talelərindən biridir. Bu nakam sevgi müharibənin sərt reallıqları fonunda yaşanmış və sonu faciə ilə bitmişdir.
Qlobal.net bildirir ki, Nuru Əliyev Bakının Balaxanı qəsəbəsində doğulmuş və İkinci Dünya Müharibəsi zamanı əsir düşərək İtaliyaya aparılmışdı. Əsirlikdən qaçaraq İtaliyanın Boloniya şəhəri yaxınlığında yerləşən “Bolero Haribaldi” partizan briqadasına qoşulmuşdu. Burada o, digər azərbaycanlılarla birlikdə faşistlərə qarşı mübarizə aparmış və bir sıra uğurlu əməliyyatlarda iştirak etmişdi .

Döyüşlərdən birində yaralanan Nuru hospitala yerləşdirilir. Nuru həmin hospitalda müalicə alan gənc və gözəl italyan partizan qızı Cina ilə tanış olur. Onların arasında yaranan sevgi, müharibənin çətinlikləri və təhlükələri fonunda daha da dərinləşir. Onlar evlənmək üçün konsulluğa müraciət etsələr də rədd cavabı alırlar. Çünki o vaxtı Sovet vətəndaşı əcnəbi ilə evlənə bilməzdi. Kilsədə dini nikaha girməyə məcbur olurlar. Bir sovet zabiti onlara SSRİ-yə gəlmələrini təklif edir. Lakin dini nikahın SSRİ-də rəsmi qüvvəsi olmadığı üçün konsulluq Cinanın SSRi-yə getməyinə icazə vermir. Onlara Avstriyada sovet əsgərlərinin nəzarətində olan düşərgəyə getmək və oradan SSRİ-yə keçmək təklif ounur. Lakin onlar düşərgəyə çatan kimi həbs olunurlar. Onları ayrı baraklarda saxlayırlar. Əsgərlərdən biri onları Cinanın qızılları qarşılığında görüşdürəcəyinə söz verir. Lakin qızılları alan əsgər onları aldadır.

Daha sonra Cina İtaliyaya, Nuru isə Azərbaycana göndərilir. Bir müddət sonra Nuru Cina ilə görüşmək üçün yola çıxır. Onu Rumıniya sərhədində həbs edirlər. Vətənə xəyanətə görə ölüm cəzasına məhkum edirlər. Daha sonra cəzası 25 illik sürgünlə əvəz olunur. Stalinin ölümündən sonra Nuru bəraət alaraq Rusiyanın Kostroma şəhərində yaşayır. Cina isə İtaliyada övladlığa uşaq götürür. Cina uzun illər Nurunu axtarmaq üçün rəsmi müraciət edir. 1997-ci ildə İtaliya televiziyasında Nuru ilə olan sevgisindən danışır. 2013-cü ildə 87 yaşlı Cinanın Nurunu axtarması barədə məktubu Rusiyanın “Jdi Menya” verilişində səsləndirilir. Nurunun qızı Cina ilə görüşür. Atasının Cinanın adını və şəklini çiyninə həkk etdirdiyini deyir. Cina Nurunun 2005-ci ildə, yəni 8 il əvvəl vəfat etdiyini öyrənir. Bu xəbəri aldıqdan 4 gün sonra Cina dünyasını dəyişir. Öləndə əli ilə şərqi göstərərək deyir: “Bilirəm o tərəflərdədir ya qəbri , ya özü. Məni yandırın, külümü o tərəfə səpin. Bəlkə…”

Xalq onunla “Əlvida, gözəl” Bella Ciao musiqisi sədaları altında vidalaşır.
Murad
Qlobal.net