637dc86f590d6202211221455
Azərbaycanlı müğənnilərin "YOUTUBE" QAZANCI - SİYAHI

Daim gündəmdən düşməyən yerli məşhurların özləri qədər qazancları da hər kəsin maraq dairəsindədir. Bu dəfə sosial şəbəkələrdə aktiv olan müğənnilərin yutub gəlirlərini araşdırdıq. Onların bu platfromadan qazancları təxminən 510-42 000 AZN aralığındadır.

Qlobal.net BAKU.WS-in həmin araşdırmasını oxuculara təqdim edir:

Üzeyir Mehdizadə

Yutubda klipləri ən çox izlənilən məşhurlar arasında müğənni Üzeyir Mehdizadə ilk yerdədir. Onun şəxsi yutub kanalının 1 milyon 980 min abunəçisi mövcuddur. İfaçının 2012-ci ildə yaratdığı platformadan ən çox gəliri 25 000 dollar (42 min 500) olub. Bu barədə Üzeyir Mehdizadənin prodüseri İlqar bəy məlumat verib:

“Biz ümumiyyətlə Türkiyə musiqi şirkətləri ilə işləyirik. Üzeyir bəyin yutubdan gəlirləri hər ay fərqli olur. Bu məbləğ aylıq olaraq minimum 500 dolardan(850 AZN) başlayaraq 5000 dollara (8500 AZN) qədər artır. Bu günə qədər yutubdan ən çox qazandığı pul isə bundan 4-5 dəfə çox yəni, 20-25 0000 dollar (34 000-42 500 AZN) olub”.

Nahidə Babaşlı

Müğənni Nahidə Babaşlının yutub kanalı 2017-ci ildən fəaliyyət göstərir. Buna baxmayaraq ifaçının 1 milyon 430 min izləyicisi var. Onun şəxsi yutub platformasında ən çox qazancı 10 000 AZN olub. Bu haqda ifaçı özü bildirib:

“Yutubda qazanc stabil olmur. Gəlir bəzən çox, bəzən isə az olur. Elə ay olub ki, 10 min manat qazanc əldə etmişəm".

Talıb Tale

Müğənni Talıb Talenin yutubda 1 milyon 260 min abunəçisi var. Mahnılarının böyük əksəriyyətini özü bəstələyən sənətçinin klipləri də yetəri qədər baxış sayı yığıb. Talıb Tale açıqlamalarından birində yutubdan qazandığı məbləğə ev aldığını bəyan etmişdi:

"Ay ərzində yutubda baxış sayına görə 2 min dollar qazanıram. Sizə orta rəqəmi açıqlayıram. Ən çox ayda 4 700 dollar (7 990 AZN) pul götürmüşəm. Bu, 2017-ci ildə baş verib. Yutubdan yığılan pulla özümə ev aldım".

Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlunun yutub kanalı 2016-cı ildə açılıb. Sənətçinin 1 milyon 160 min izləyicisi var. Tovuzlu yutub kanalından hər ay 6 000 dollara (10 200 AZN) qədər qazanc əldə etdiyini deyib:

"Yutubdan qazandığım məbləği açıqlamaq mənim haqqımdır. Bu sənətə illərimi vermişəm. Yutub kanalımdan hər ay 5 800-6 000 dollar (9 860- 10 200 AZN) pul qazanıram".

Damla(Məsumə Əliyeva)

Müğənni Damlanın yutubda 593 min abunəçisi var. Sənətçi bu günə qədər platformadan ən yüksək gəlir olaraq 4000 dollar (6 800 AZN) əldə edib. Bu barədə ifaçının prodüseri Şamil İbrahimov bildirib:

"Hələ ki, sonuncu klipin gəlirini götürməmişik. Damla xanımın yutubdan aylıq gəliri 2000 dollardır(3 400 AZN). Ən yüksək qazancı isə 4 000 dollar (6 800 AZN) olub".

Vəfa Şərifova

Müğənni Vəfa Şərifovanın yutubda təxminən yarım milyona yaxın, yəni 499 min abunəçisi mövcuddur. Onun bu platformadan maksimum aylıq gəliri 12 000 AZN-ə yaxın olub. Bu barədə sənətçi özü məlumat verib:

"Əslində hər ay fərqli olur. Məsələn: elə ay olur ki, biz klip çəkdirmirik. Təqdim etdiyim mahnı da vacibdir. Gərək çox dinlənilsin. "Arkadaş" mahnısından 6-7 min dollar (10 min 200 AZN-11 min 900 AZN) gəlir əldə etdim".

Elnar Xəlilov

Müğənni Elnar Xəlilovun yutubda 62 min 200 abunəçisi var. Sənətçinin abunəçisi az olmasına baxmayaraq, o bu platformadan müəyyən məbləğdə gəlir əldə edir. Xəlilov yutubdan aylıq minimum 510 AZN qazandığını bildirib:

"Gəlirim adətən yutubdan olur. Bu da aydın məsələdir ki, biz orada öz mahnlarımızı yerləşdiririk. Oradan qazandığım gəlir stabil deyil. Dəyişkəndir. Paylaşdığım mahnıya görə gəlir də fərqli olur. Bu qiymət 300-1 000 dollar (təxminən 510-1 700 AZN) aralığında dəyişir".


23.11.2022 11:12
539