Deputat Əziz Ələkbərli sosial şəbəkələrdə şantaj olunması ilə bağlı açıqlama verib.
Qlobal.net həmin açıqlamanı olduğu kimi təqdim edir:
"Bəzi saytlarda “Emmanuel Lustin” adına Facebook sosial şəbəkə platformasında 2022-ci il 17 iyun tarixində yayımlanmış və 157.502 bəyənmə sayına malik videonun mənim adıma olan sosial şəbəkə profilləri tərəfindən izlənildiyi və bəyənildiyi iddia olunmuşdur. Mənim şəxsi istifadəmdə olan iki Facecbook profili vardır ki, onların heç biri tərəfindən qeyd edilən video izlənilməmiş və videoya münasibət bildirilməmişdir. Buna baxmayaraq haqqımda xoşagəlməz və qeyri-dəqiq informasiyanın yayılması, şəxsimə qarşı yönəlmiş qərəzli saxta məlumatlar paylaşılması məndə və yaxın ətrafımda olan insanlarda təəssüf hissi doğurmuşdur. Bu addımı atanların əsl niyyəti sifarişlə mənim ictimai nüfuzuma zərər vurmaqdır. Qeyd edilən məlumatlarla bağlı köməkçim sosial şəbəkə mütəxəssisləri ilə birgə araşdırma aparmışdır. Bu araşdırmalar da yayılan xəbərin tamamilə saxta olduğunu üzə çıxarmışdır.
Araşdırma nəticəsində məlum olmuşdur ki, “Emmanuel Lustin” adına Facebook sosial şəbəkə platformasında 6 səhifə mövcuddur və ən çox izlənilən (555.000) səhifədə yalnız 2022-ci ilin yanvarıdan bugünədək paylaşılan videolar mövcuddur.
Paylaşılan ekran çəkimində (screenshot) olan profil fotosu və “Mremmanuellustin” adlı Facebook səhifəsində 2022-ci ilin 10 iyun və 1 avqust tarixləri arasında müəllifin paylaşdığı videoların maksimum bəyənmə sayı 20.000, orta hesabla 10-17.000-dir. 2021-ci ildə yaradılan profildə ilk paylaşım 2022-ci il 27 yanvarda olmuş və 2023-cü il 21 avqusta qədər paylaşımları arasında 100.000 bəyənməsi olan yeganə postu 15.8 milyon baxış və 6600 şərhi var. Digər milyondan çox baxışı olan 13 videosunun heç birində bəyənmə sayı 100.000-ə çatmır. Texniki şərtlərə uyğun olaraq Facebook paylaşımı ekran görüntüsü çəkilərkən “videonu bağla” işarəsi göründüyü halda videonun aşağı sağ küncündə bəyənmə, şərh və paylaşım sayı görünməlidir. Videonu böyütmək üçün nəzərdə tutulan işarə ilə sağ yuxarı küncdə olan ekran işarəsi eyni xəttin üzərində perpendikulyar formada yerləşməlidir. Eyni zamanda sağ yuxarı küncdə ekran işarəsi qara çərçivə içərisində ağ rəngdə olmalıdır. Bəyənənlər və paylaşanlara dair məlumatlar eyni sətrdə olduğu halda sol və sağ tərəf paralel deyil və sağ tərəfdəki məlumatların aşağı hissəsi oxunmur, bu da şəklin sonradan hazırlandığını göstərir. Bəyənənlər bölməsində yalnız bəyənməyə dair icon görünsə də, digər mümkün reaksiya işarələri görünmür, halbuki o xüsusiyyət 2019-cu ildən etibarən Facebook-da mövcuddur.
2022-ci il 17 iyunda paylaşılan videonun bəyənmə sayı 189, şərh sayı – 10, paylaşım sayı – 75, baxış sayı - 50.100-dür. Ekran şəkli paylaşılan postdakı video 2022-ci il 13 iyun tarixində “Emmanuel Lustin” tərəfindən paylaşılıb və 133 bəyənmə, 2 şərh, 19 paylaşım, 18.100 baxış qazanıb.
Google axtarış platformasında iddia olunan ekran paylaşımındakı başlıq və tarix axtarışı verilərkən orda göstərilən kimi “17 iyun 2022” yox, 16 iyun 2022-ci il göstərilib və videonun müəllif tərəfindən silindiyi qeyd edilir. Silinən postun texniki göstəricilərini müəllifin digər videoları ilə müqayisə etdikdə xüsusi proqramlar vasitəsilə artırılmış rəqəmləri görmək mümkündür.
Bütün bu faktlar onu göstərir ki, haqqımda bəhs edilən saxta məlumatda göstərilən şəkil hansısa şəxs tərəfindən proqram vasitəsilə düzəldilib, digər şəkillərdən hissələr kəsilərək montaj olunub və yayımlanıb.
“Media haqqında” Azərbaycan Respublikasının Qanununa görə media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda hüququ pozulmuş şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etməklə yanaşı birbaşa məhkəməyə müraciət etmək (maddə 18.1), həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.4). Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir (maddə 14.1.11).
Haqqımda qərəzli və saxta məlumatlar yaymış media subyektlərini həmin məlumatı təkzib etməyə çağırıram (həmin media subyektlərinə tərəfimdən fərdi qaydada müraciət olunmuşdur). Əks halda yuxarıda qeyd edilən Qanunun müvafiq maddələri ilə media subyekti tərəfindən fiziki şəxs barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlar nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək, həmçinin həmin şəxsə dair məlumatların təqdim edilməsində yol verilmiş birtərəfliliyə (əvvəlcədən maraqlı tərəfin mövqeyinin alınmamasına) görə zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumuna müraciət hüququnu özümdə saxlayıram.
Milli Məclisin deputatı Əziz Ələkbərli"