Azərbaycanlı aktyorun faciəvi həyatı: “11 il dilsiz yaşadı”

Səyavuş Məmməd oğlu Şəfiyev – Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor, rejissor və idmançı… O, “Əhməd hardadır?” kult-filmində canlandırdığı “Əhməd” obrazı ilə tamaşaçıların yaddaşına əbədi həkk olunub. Həmçinin, “Uşaqlığın son gecəsi” filmində “Rüstəm” obrazına da həyat verib.
Səyavuş Şəfiyevin bacısı məşhur rejissor Gülçöhrə Şəfiyeva qardaşının həyatının gizli məqamları haqda danışır.
-Əsl Əhməd kim idi? İndi hardadır?
-Əsl Əhməd, yəni Səyavuş mənim doğma qardaşım idi. Ailəmizdə ən böyük övlad idi. Artıq 20 ildir ki, Səyavuş dünyasını dəyişib. 64 yaşı vardı. 11 il dilsiz yaşadıqdan sonra vəfat etdi. Bu bizim üçün böyük faciə idi. Gəncliyində Səyavuş boksla məşğul olurdu. Yaxşı fiziki hazırlıq keçmişdi, əzələli bədən formasına malik idi. Orta məktəbi bitirdikdə valideynlərimizdən xahiş etdi ki, “nə olar icazə verin, gedib Moskvanı görüm”.
Əslində o, istəyirmiş ki, Moskvada idman ustası və yaxud da sirkdə işləsin. Sirkdəkilər isə Səyavuşu görən kimi qəbul etdilər. Ata-anam bunu bilən kimi dedi: “Nə…? Sirk?” Onlar Səyavuşun sirklə bağlı təhsil almasını qəbul edə bilmirdilər. Səyavuşu həkim, mühəndis və məşhur sənət sahiblərindən biri kimi görmək istəyirdilər. Səyavuş isə öz bildiyi yolla getdi, sevdiyi sənəti seçdi.
-Sirklə bağlı Moskvada imtahan verib qəbul olduqdan sonra Bakıya qayıdan Səyavuşu ailədə, valideynləriniz necə qarşıladı?
-O heç Moskvadan geri qayıtmadı… Amma sonralar evə qayıdanda bizim üçün bayram olurdu. Biz Səyavuşla həmişə fəxr etmişik.
“Səyavuş həmişə istəyirdi ki, evdən getsin, sərbəst yaşasın”.
-Həqiqətən də bundan sonra hamımız, bütün qohum-əqraba gördük ki, Səyavuş evdən çıxmaqla inqilab etdi. O, evimizdə ən birinci və ən çox sevilən övlad idi.
Səyavuş məktəbi bitirdikdən sonra Moskvada məşhur kollektivlərdə çalışmağa başladı. Səyavuş “Volsat” soyadlı bir oğlanla birlikdə akrobatik nömrələr nümayiş etdirirdilər. Bu hərəkət zamanı Səyavuş aşağıda, Volsat isə onun əlləri üzərində yuxarıda dururdu.
“Səyavuşun birinci həyat yoldaşını valideynlərimiz məcburən qəbul etdilər”
-Səyavuş təhsil alarkən Bakı Sirkinə dəvət aldı. Bu zaman Tanya adlı bir qızla tanış oldu. Tanya Səyavuşla birlikdə sirk üzrə təhsil almışdı. Bir müddət sonra onlar ailə həyatı qurdular. Bakıda toyları oldu. Valideynlərimiz bu nigahı məcburən qəbul etdilər.
“O qız heç Səyavuşa uyğun deyildi, özündən çox razı idi”.
-Tanya Bakıda kanat üzərində rəqs edirdi. Səyavuşun həmin vaxt çox atletik bədən quruluşu vardı. O, Bakı Sirk səhnəsində bayrağı əlində tuturdu. Sonda isə bayrağı səhnənin mərkəzinə sancırdı. Hər kəs Səyavuşun ətrafına toplaşırdı. Bu kənardan çox gözəl görünürdü. Sonra tale elə gətirdi ki, Səyavuşla Tanya ayrıldılar…
– Onların ayrılmalarının səbəbi nə oldu?
– Moskvada tanış olmuşdular. Sonra Səyavuş Tanyanı Bakıya gətirmişdi. Bir müddət Bakıda yaşadılar. Bakı Sirki ilə birlikdə bütün dünyanı gəzirdilər. Deyəsən Soçi şəhərində onlar ayrıldılar. Qız özündən çox razı idi, bəzi şeyləri qəbul etmirdi. Səyavuş üçün isə həmin vaxt qızlar dəli-divanə idilər. Mən o vaxt balaca uşaq idim. Bütün ailəmiz bu ayrılığın olacağını gözləyirdi. Ona görə ki, onlar heç bir-birlərinə uyğun deyildilər.
“Bir müddət sonra Səyavuş Moskvadan ikinci həyat yoldaşını evimizə gətirdi”
-Lyuba adlı çox gözəl xanımdır. Hamımız onu qəbul etdik. Onu da Səyavuş özü sevib-seçmişdi.
“Səyavuşun qızı hazırda Amerikada yaşayır”
-Səyavuşla Lyubanın bir övladları oldu. Adını Cəmilə qoydular. Hazırda Amerikada yaşayır.Səyavuş rəhmətə getdikdən sonra Lyuba da Amerikaya qızının yanına köçdü. Cəmilənin də iki əkiz övladı oldu. Birinin adı Saşa (Aleksandr), digərininki isə Conatandır. Amma Səyavuş adını qoymadılar…
“Səyavuş həqiqətən də Lyubanı çox sevirdi”.
-Onu Səyavuş özü sevib-seçib ailə qurmuşdu. Daha “Əhməd haradadır?”da olduğu kimi yalnız valideynlərinin istəyi ilə ailə həyatı qurmamışdı. (Gülümsəyir).
-Səyavuş Şəfiyevin “Əhməd haradadır?” filminə çəkilməsi ilə bağlı bilmək istərdik. Bu təklif kimdən gəldi? Sirk ustalığından aktyorluğa keçid çətin olmadı ki?
-Səyavuşu gördülər, tanıdılar və sınaq çəkilişinə dəvət etdilər. Əvvəlcə onu “Koroğlu” filminə dəvət edirdilər. Sınaqlardan da keçdi. Səyavuşu Gürcüstanın xalq artisti, məşhur kino aktyoru Otar Koberidzeyə oxşadırdılar. Hətta deyirdilər ki, filmdə cavan “Koroğlu” Səyavuş, bir az yaşlı “Koroğlu” isə Otar Koberidze olsun.
Həmin vaxtlarda Səyavuşun çoxlu “qastrol” səfərləri vardı. Deyirdi ki, “olur olsun, olmasa da mən heç aktyor deyiləm”. Bilmirəm nəyə görəsə o film çəkilmədi. Amma bilirəm ki, Səyavuş sınaq çəkilişlərə gedirdi və seçilmişdi.
Daha sonra Səyavuş Teatr İnstitutuna daxil oldu. Orada oxuyarkən mərhum Adil İsgəndərov Səyavuşa diqqətlə baxıb deyib ki, mən səni mütləq kinoya çəkəcəyəm. Səyavuş isə deyib ki, “Adil müəllim siz necə deyirsiniz elə də olsun, amma mən kino sahəsinə o qədər də meyl göstərmirəm”.
“Əhməd haradadır?” filminin ilk nümayişindən sonra qardaşıma dedim ki, heç xoşuma gəlmədi”
-O vaxt “Əhməd haradadır?” kinosu çəkilən zaman bəziləri onu qəbul edirdi, bəziləri isə qəbul etmirdi. Filmin birinci nümayişi Nizami Kinoteatrında baş tutudu. Səyavuş orada təbrikləri qəbul etdikdən sonra məni bir kənara çəkib dedi ki, sənin xoşuna gəldi? Mən də açıq-aşkar cavab verdim ki heç xoşuma gəlmədi. Dedi ki, nəyə görə bəyənmədin? Cavab verdim ki, “o filmdəki sənin özün deyilsən”.
“Əhməd haradadır?” filminin çəkilişləri zamanı Səyavuşun başının ortasına əlavə tük qoymuşdular.
-Həmin vaxt Səyavuşun alnındakı tüklər seyrəkləşmişdi. Buna görə də onun başının orta hissəsinə əlavə tük qoymuşdular. Bu isə mənim heç xoşuma gəlməmişdi. Səyavuş heç özünə oxşamırdı.
“İndi isə həmin filmə baxıb deyirəm ki, nə yaxşı ki, Səyavuş orada çəkilib”
-Səyavuşun həmişə üzü gülürdü. Çox zarafatcıl idi. İllər keçdi, indi deyirəm ki, kino sənəti çox gözəl bir sənətdir. Biz Səyavuşun filmlərinə indi baxan zaman onun içindən keçənləri hiss edirik və deyirik ki, bu həqiqətən də bizim Səyavuşdur.
-Səyavuş Şəfiyev niyə aktyorluq sənətini davam etdirmədi? Kimlər onun irəli getməsinə mane olurdu?
-Səyavuş heç vaxt gileylənmirdi. Demirdi ki, mən bununla razıyam və yaxud razı deyiləm. Qeyd edim ki, Səyavuş sirk sənətini lap öncədən seçmişdi. Bu sənət elə bil onun ömür-gün yoldaşı idi. Heç vaxt sirkdən ayrılmaq istəmirdi. Bir dəfə isə narazılıq yarandı.
“Səyavuşa mikrorayonda ev təklif etdilər”
-Amma Səyavuş bu evi qəbul edə bilmədi. O, artıq Respublikanın əməkdar artisti idi. Deyirdi ki, necə ola bilər ki, mən şəhərin mərkəzində ömrümü yaşamışam, indi isə məni mikrorayona göndərirlər. Həmin vaxt yeni sirk fəaliyyətə başladı. Səyavuşu ora bədii rəhbər seçdilər.
“Səyavuş ata-anamız, ailəmizlə birlikdə balaca bir evdə yaşamağı özünə sığışdıra bilmirdi”
-O, evin ən böyük övladı idi. Ata-anamıza, bizə narahatlıq vermək istəmirdi. Ailəsi ilə birlikdə Sirkin mehmanxanasında iki otaqlı yerdə yaşamağa başladılar.
-Sirkin mehmanxanası həmin vaxt yalnız qonaq gələn artistlərə xidmət göstərirdi. Bu mehmanxanada Səyavuş üçün iki otaq ayırdılar. Səyavuş balası və həyat yoldaşı ilə birlikdə mehmanxanaya köçdülər. Onlar ata-anamıza, bizə balaca bir evdə əlavə yük, narahatlıq vermək istəmirdilər. Mikrorayonda ona ev təklif ediləndə bir az narazılıq yarandı. Səyavuş həmin vaxt Sirkin bədi rəhbəri, Respublikanın əməkdar artisti idi. O vaxtlar isə mikrorayon şəhərin o biri başı, elə bil dünyanın axırı idi… Səyavuşu Moskvaya dəvət edirdilər. O da bu təklifi qəbul etdi və Moskvaya köçdü.
-Səyavuş Şəfiyevin vəfatı ilə bağlı danışaq. Bu faciə necə baş verdi?
-Anamız çox tez dünyasını dəyişdi. Onun heç 51 yaşı olmamışdı. İnsult keçirmişdi. Cəmi 6 gün yaşadı. Anamızın dili tutulmuşdu. Həkimlər bilmək istəyirdilər ki, anamız bizi görüb-eşidir, tanıyırmı? Səyavuşu onun yanına gətirdik. Anamızın yanında durub dedi ki, “Ana, ana məni tanıdın? Mənəm, sənin oğlun, Səyavuş”. Həkim də anama dedi ki, əgər siz Səyavuşu tanıdınızsa heç olmasa əliniz və yaxud gözünüzlə bir işarə verin. Səyavuş anamın yanında çox dayandı. Biz hamımız kənarda durub onlara baxırdıq. Birdən gördük ki, anamızın əli zəif tərpəndi. Bildik ki, o, Səyavuşu tanıyıb. Bu zaman Səyavuş “ana, ana mən səni sevirəm” deyərək kənara çəkildi.
“Birdən Səyavuş dedi ki, mən də belə gedəcəyəm!”
-Biz bilmədik ki, Səyavuş niyə belə söz işlətdi. Həqiqətən də Səyavuş da anam kimi 51 yaşında vəfat etdi. 11 il dilsiz yaşadı. Anamız noyabrın 25-də vəfat etdi, Səyavuş isə noyabrın 24-də vəfat etdi (2001-ci il). Demirəm ki, burda hansısa bir fəlsəfə var. Amma deyə bilərəm ki, elə bil Səyavuş öz ölümünü anamın vəfat etdiyi günə gətirdi və eyni formada hər ikisi dünyalarını dəyişdilər. Səyavuş elə bil anamızın o ağır vəziyyətini özünə çəkmişdi.
-Fransada iş səfərində olarkən Səyavuş da insult keçirdi.
-O vaxt Moskvada baş rejissor işləyirdi. Moskva Sirki ilə Fransaya qastrol səfərinə getmişdilər. Fransanın şəhərlərinin birində olarkən artistlər tamaşaya başlayıblar. Hamı görüb ki, Səyavuş orada deyil. Onlar güclə Səyavuş deyirdilər. Moskvada onu “Saşa” deyə çağırırdılar. Səyavuşun harada olmasını bilməyiblər. Səyavuşu isə insult vurub, otaqda üzü üstə yerə yıxılıb. Xeyli vaxtdan sonra yoldaşları onu tapıblar.
“Səyavuş yalnız nəfəs ala bilirdi, danışmırdı, heç kəsi tanımırdı”.
-Fransız həkimləri onu ağır vəziyyətdən çıxardılar. Dili tutulmuşdu. Heç kəsi də tanımırdı. Xeyli vaxt Fransada qaldı. Sonra Nikulinin vasitəsi ilə həyat yoldaşı Lyuba Fransaya, onun yanına getdi. Ramiz Abutalıbov da Fransada çox kömək etdi. Səyavuş həyat yoldaşını da tanımadı. O, heç nəyi başa sala bilmirdi. Bu çox böyük faciə idi.
“Səyavuş bizim heç birimizi tanımadı. O, əlləri ilə mənə nəsə başa salmağa çalışırdı”
-Səyavuşla Lyuba Fransadan Moskvaya gələn zaman biz hamımız orada idik. Hava limanında onları qarşıladıq (kövrəlir). Heç birimizi tanımadı. Boy-buxunlu, yaraşıqlı qardaşımızın birdən-birə dili tutulmuşdu. Bu sadəcə dəhşət idi. Bunu qəbul etmək çətindi. O, müxtəlif səslər çıxararaq əli ilə mənə nəsə deməyə çalışırdı. Birdən başa düşdüm ki, əli ilə 3 rəqəmi göstərərək qardaşımız Rəfaili soruşur.
Sağ əlini hərəkətsiz vəziyyətdə, yanında sallamışdı. Qəfildən onun vəziyyəti ağırlaşdı. Bizə dedilər ki, xəstəxanada müalicə olunur. Bacımla mən yenidən Moskvaya yola düşdük. Səyavuş reanimasiyada idi. Bir neçə gün yaşadı və vəfat etdi. Onun cənazəsini Bakıya gətirdik. Qərara gəldik ki, ana-atamızın məzarlarının yanında dəfn edək. 64 yaşında Səyavuş bu dünyanı tərk etdi.
**
Amerikada yaşayan qızı ana olmağa hazırlaşdığından həkimlər ona təyyarəyə minməyə icazə vermirlər. O, atasının dəfninə gələ bilmir. Ancaq atasının qəbir daşındakı bu misraları yazıb göndərə bilir. “Dostum, sevincim-fərəhim, fəxrim, idealım, yeganə sevdiyim atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç unutmayacam. Həmişə olduğu kimi başım üzərində parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların”.
Mənbələr:
Kulis.az
Hafiztimes.com