bakı
Azərbaycanla bağlı DƏHŞƏTLİ PROQNOZ verildi: 2050-ci ilə qədər...

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. 

Bu barədə dünya bankının hesabatında qeyd edilib. 

İqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı danışan mütəxəssis onu da əlavə edib ki, 2050-ci ilə qədər su qıtlığı daha da artacaq.

Ekoloq Rövşən Abbasov Referans.az-a açıqlamasında dünya bankı tərəfindən verilən proqnozların reallaşma ehtimalını dəyərləndirib.



“Əlbəttə ki, 2040-cı ilə qədər Azərbaycanda su stresinin artımı gözlənilir. Su stresi dedikdə, ölkədə çaylardan və ümumiyyətlə, bütün su mənbələrindən götürülən suyun həmin su ehtiyatlarına nisbəti nəzərdə tutulur. Yəni başqa sözlə desək, ölkədə olan suyun hansı miqdarı artıq istifadə olunur. İstifadə olunan miqdar nə qədər artarsa, su stresi də bir o qədər artar. Ona görə də hesab edirəm ki, su stresini azaltmağın əsas yollarından biri Azərbaycanda suya ehtiyacı və sudan istifadəni getdikcə azaldacaq dayanıqlı sistem qurulmalıdır”.

Ekoloq bildirib ki, bu yolda əsas addımlardan biri də su itkilərinin azaldılmasıdır.

“Suya qənaət edən texnologiyaların inkişafı və tətbiqi su stresini azaldacaq əsas faktorlardan biridir ki, biz daha dayanıqlı sistem qururuq və suya daha az ehtiyac olur. Gəlin 50 il əvvəllə müqayisə edək hazırkı dövrü. Əhalinin böyük əksəriyyəti kəndlərdən şəhərə köçür və bu, həyat tərzini dəyişir. Bu, daha çox sudan istifadəyə yol açır. Əhali artır və əhalinin artması daha yol ərzaqa tələbatı artırır. Bu o deməkdir ki, suvarma əkinçiliyi genişləndirilməlidir. Son 20 ildə Azərbaycanda əkilən ərazilərin sahəsi təxminən 2 dəfəyə yaxın artıb. Bu, əlbəttə ki, suya olan tələbatı da artırır. Çox təəssüf ki, bizdə hələ də infrastrukturda ciddi su itkiləri var”.

 

01.08.2024 20:11
show 504