Azərbaycanın quru sərhədləri açılır - TARİX AÇIQLANDI
Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, bağlı qalan quru sərhədləri bir aylıq müddətinə açıla bilər. Məlumata görə, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq.
Yayılan xəbərlərdə deyilir ki, Nazirlər Kabineti yanında Operativ
Qərargah hazırda bu məsələni müzakirə edir. Həmin müzakirələrdə bir
aylıq quru sərhədlərin açılması müddəti xüsusi diqqət mərkəzindədir.
Məlumatlara görə, əsasən avqust və ya sentyabr ayları üçün quru
sərhədlərin açılması nəzərədə tutulur.
Mənbələr oktyabrın 1-dən isə quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər.
Məsələ ilə bağlı
Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli
bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi,
həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq
ölkəyə çox ciddi ziyan vurur: “Bu məsələ həqiqətən də sona
çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı
saxlayan ölkə qalmayıb. Bizdə quru sərhədlərin bağlı olması pandemiya
ilə əlaqəlidir. Ona görə də düşünürəm ki, indidən hazırlıq işlərinin
görülməsinə ehtiyac var ki, sentyabr-oktyabr aylarından bu məsələ öz
həllini tapsın. Bu turizmin canlanmasına səbəb olacaq. Pandemiyadan
əvvəl Azərbaycanda turizm baxımından rekord rəqəmlər qeydə alınmışdı.
Sərhədyanı ticarətin canlanması üçün də quru sərhədlərin açılması çox
vacibdir. Bu həm də ölkənin daxilində rahatlıq yaradacaq”.
Ekspert
bildirir ki, bəzi rəsmilərin açıqlamalarına görə, təhlükəsizlik
məsələləri səbəbindən sərhədlərin bağlı qaldığı söylənilir və bu
gərginlik yaradır: “İnsanlar düşünür ki, Azərbaycan nə
təhlükələr var ki, quru sərhədləri bağlı saxlanılır? Azərbaycan elə
bölgədə yerləşir ki, həmişə təhlükələr olacaq. Bu o demək deyil ki, quru
sərhədlərini həmişə bağlı saxlamaq lazımdır. Azərbaycan ordusu, hüquq-
mühafizə, xüsusi xidmət orqanları çox güclü olan ölkədir. Açıq sərhəd
rejimində də Azərbaycan öz təhlükəsizliyini çox yüksək səviyyədə, tam
təmin etməyə qadir ölkədir”.
Ekspertin sözlərinə görə, bu
baxımdan payız aylarından, elə sentyabrdan quru sərhədlərin açılması çox
yaxşı olardı: “Həm də ona görə ki, Azərbaycan COP29-a ev sahibliyi
edir. Çox sayda qonağın gəlməsi gözlənilir. Hətta, veloyürüş də təşkil
olunacaq. Yüzlərlə velosipedçi başqa ölkələrdən quru sərhəd yolu ilə
Azərbaycana gəlib COP29-a dəstək vermək istəyir”.