Azərbaycanın olimpiya çempionu həbs edildi - FOTO
Azərbaycanın
tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa
Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.
"Report"un əldə etdiyi məlumata görə, onun barəsində Cinayət
Məcəlləsinin həyat üçün təhlükəli olmayan zor tətbiq etmək və qəsdən
sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.
İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul
ayının 12-də də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə
olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin
(ad, soyadı şərti) üz nahiyyəsinə bıçaqla xəsarət yetirib.
Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu
Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib.
D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman
Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı
Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra
E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.
Hadisə barədə zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon
Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.
E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə
görə, uzun müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez
onunla görüşüb.
O ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr
işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub.
Bildirib ki, bir müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının
mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə
mərc oyununda uduzub.
Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan
yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin
Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında
bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş
üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.