6586713bdd4d1202312233347
Azərbaycanın ilk qadın şoumeni: Onu diri-diri dəfn ediblər?

Onun özünəməxsus, şaqraq gülüşü, şaqraq səsi indiki kimi yadımdadır. Kanalların birində gündəlik efir aparan vaxtları idi. İlahi, elə ürəkdən gülürdü, fikirləşirdin ki, indicə ürəyi partlayıb öləcək...

Qlobal.net Publika.az-a istinadla Xalq artisti Gülşən Qurbanovanın həyatının ən maraqlı məqamlarını sizə təqdim edir:

Gülşən Qurbanova 1950-ci ilin dekabr 19-da peşəkar aktyor Ağadadaş Qurbanovun ailəsində dünyaya gəlib. Elə fitri istedadı da ona atasından keçmişdi.

O vaxtkı Azərbaycan Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib, özünü aktrisa kimi sınamaq üçün üz tutur Gənc Tamaşaçılar Teatrına. Zamanla adı çəkilən sənət ocağının ən sevilən, arzulanan aktrisalarından biri olmağı bacarır. "Mənim nəğməkar bibim", "Ana laylası", "Tamahkar", "Fudzi dağında qonaqlıq", "Zəncirlənmiş Prometey", "Pul dəlisi", "Bala bəla sözündəndir" kimi tamaşalarda özünəməxsus , bənzərsiz obrazlara həyat verir Gülşən Qurbanova. Teatrla yanaşı kinoda da özünü təsdiq etməyi bacarır. 20-ə yaxın filmə öz imzasını atır.

Onun məşhurluğunun bir səbəbi də müxtəlif televiziyalarda aparıcı kimi çıxış etməyi olur. Gülşən Qurbanova uzun illər kanalların birində “Gəlin birlikdə gülək” adlı layihəsini uğurla təqdim edir. Daha sonra özünü gündəlik efirdə sınamağa qərar verir və onun aparıcısı olduğu veriliş çox sevilir. O illərdən bəri Gülşən Qurbanova tamaşaçının yaddaşında həm də “Qaynar Qazan” verilişinin Gülşəni kimi qalır.

Hər zaman “Gülüş - mənim müdafiə reaksiyamdır” deyən aktrisa ölümdən qorxduğunu da gizlətməyib. Elə buna görə də aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”. Kim bilir, bəlkə də bu sözləri o heç də zarafatyana deməmişdi. Ölümündən sonra doğurdan da elə məhz özünün dediyi kimi etmək lazım olduğu bilindi.

Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Gülşən Qurbanova vəfat edərkən bir günün içində o qədər şayiə yayıldı ki... Deyilənlər görə aktrisa dünyasını dəyişməyib, sadəcə kliniki ölüm keçirib və diri-diri basdırılıb. Əgər onu dəfn etməyib həkim nəzarətində saxlasaydılar, yaşaya bilərdi.... Və daha nələr nələr... Ən inanılmaz şayiə isə guya ölümündən bir neçə gün sonra onun qəbrinin yaxınları tərəfindən açılması idi...

“Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb”. Təbii ki, bütün bunlar şayiə olaraq da qaldı. Cünki, aktrisanın ailə üzvləri birmənalı olaraq bu fikirləri təkzib etdilər.

23.12.2023 09:32
show 1293