Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov zorakılıqda ittiham olunur.
Qlobal.net Haqqın.az-a istinadla xəbər verir ki, zorakılıq ABŞ ərazisində törədilib və ona məruz qalan qadın Azərbaycana qaçaraq həyatını xilas edib.
38 yaşlı H.P. Məhəmməd Pənahovla 28 iyun 2022-ci ildə Bakıda ailə həyatı qurub. Cütlük bundan sonra ABŞ-da, Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir işi-gücü olmayan Pənahov Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağa müvəffəq olub (Məhəmməd və Ülkər Pənahovlara məxsus “Alphaand Export FZ-LLC” şirkətinin bu alğı-satqısını isbatlayan sənəd var).
Belə görünür ki, ata-Pənahov gənc cütlük üçün bütün imkanları yaradıb.
Gənc cütlüyün maddi çətinlikləri olmayıb: onlar Britaniya banklarında – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarındakı hesablarındakı pulu dəbdəbəli Kaliforniyada sağa-sola xərcləyiblər.
Yeni ailə quranların şirin həyatı oğul-Pənahov pis vərdişlərə, ilk növbədə, spirtli içkilərə meyli aludəçiliyə dönənə qədər heç vaxt pozulmayıb. O, birdəfəyə 26 şüşə pivəni boşaldırmış. Sonra isə boş şüşələri hamilə arvadına atırmış.
“Amansız döyüşlər”dən biri zamanı H.P. övladını itirib. 17 aylıq evlilikdən sonra o, Kaliforniyadakı villadan qaçmaq qərarına gəlib.
Çarəsiz qalan H.P-nin valideynləri və yaxınları dəfələrlə ona Kaliforniya polisinə müraciət etməyi tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqla tapıb.
Pənahov hədə-qorxu gəlib, hər gün zəng vurub və arvadını ölümlə hədələyib. Buna baxmayaraq, H.P. boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib.