6417efe6465df202303233222

Azərbaycanda yenidən devalvasiya TƏHLÜKƏSİ...

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.
Manatın dövretmə sürətinin aşağı düşməsi devalvasiyaya səbəb ola bilərmi? 
İqtisadçı Elman Sadıqov Musavat.com-a bildirib ki, monetar siyasətdə manatın dövretmə sürətinin öz formulları var. Manatın dövretmə sürəti texniki məsələdir. 
Ekspert qeyd edib ki, manatın dövretmə sürəti onun il ərzində bir neçə dəfə əl dəyişdirməsidir: "Manatın dövretmə sürəti daha çox iqtisadi aktivlikdən asılıdır. Məsələn, maliyyə bazarlarının inkişaf sürəti, mövsüm amili (turizm, kənd təsərrüfatı dövründə bu aktivlik artır, qışda isə azalır). Burada pul kütləsinin həcmi məsələsi, istehsal, idxal-ixrac məsələləri də var. İqtisadiyyatda durğunluq başladıqda manatın dövretmə sürəti aşağı düşür. Bu, ilk növbədə iqtisadi aktivliyin aşağı olmasının, əhalinin xərcləməkdən qorxmasının göstəricisidir. Yəni əhalinin müəyyən gözləntiləri olur. Məsələn, böhran gözləntisinə görə əhali istehlakı azalda bilər. Nəticədə iqtisadi aktivlik aşağı düşə bilər. Manatın dövretmə sürətinin aşağı düşməsi iqtisadiyyat üçün müsbət amil deyil".
İqtisadçı xatırladıb ki, 2015-ci ildə neftin qiymətinin düşməsi nəticəsində əhali dollar alışını artırdı, gözləmə mövqeyinə keçdi:
"Nəticə etibarilə manatın dövretmə sürəti aşağı düşdü. Lakin bu o demək deyil ki, manatın dövretmə sürəti aşağı düşdü deyə devalvasiya oldu. O zaman devalvasiyanı şərtləndirən amillər var idi. Bunun da əsas göstəricisi tədiyə və ticarət balansındakı mənfi saldo idi.
Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb. Amma bu cüzi azalmanın da müəyyən siqnalları var. Postpandemiya dövründə sürətli artım olmalı idi. Ona görə də manatının dövretmə sürətinin azalma səbəbi araşdırılmalıdır. İnflyasiya artdıqca, manatının dövretmə sürəti artır. Əgər manatın dövretmə sürəti artan inflyasiyaya nisbətən aşağıdırsa, o zaman bu, ciddi təhlil tələb edir. 
Devalvasiya manatın dövretmə sürətindən asılı deyil. Nə qədər ki, ticarət balansı müsbətdir, devalvasiya qorxusu, gözləntisi yoxdur. Neftin qiymətinin kəskin çöküşü ehtimalı çox aşağıdır. Əgər biz cəmiyyətdə süni ajiotaj yaradarıqsa, devalvasiya olacaq deyib süni şəkildə əhalini dollara yönləndirəriksə bu, manata olan təzyiqi artıra bilər. Amma hazırda istər strateji valyuta ehtiyatları, istər Mərkəzi Bankın ehtiyatları, istərsə də ticarət balansında müsbət saldo, neftin hazırkı qiymətləri bizə devalvasiya olacaq deməyə imkan vermir".
Elman Sadıqov vurğulayıb ki, ölkə gedişatı ciddi şəkildə izləyir: "Burada önəmli olan məsələ qeyri-neft sektorundakı canlanmanı daha da sürətləndirməkdir. Biz əvvəl-axır buna getməliyik. Neft qiymətləri heç də həmişə 100 dollar ətrafında qalmayacaq. Bu qiymətlər bizi ciddi şəkildə həyəcanlandıracaq. Amma bu həyəcanlanma qeyri-neft sektorunda müəyyən canlanmanı şərtləndirəcək. Neft qiymətlərinin yüksək saxlanması həm də alternativ enerji mənbələrinin inkişafı deməkdir. Bu, iqtisadiyyatın qanunudur".  
20.03.2023 09:31
show 553