Azərbaycanda yayımlanan ilk türk serialı “Çalıquşu” haqda maraqlı faktlar

“Çalıquşu” – O, Azərbaycanda yayımlanan ilk türk serialı idi. Rəşad Nuri Güntəkin eyni adlı əsəri əsasında çəkilmiş 7 bölümdən ibarət teleserial idi.
Qlobal.net bildirir ki, ilk dəfə 1966-cı ildə rejissor Osman Fahir Seden tərəfindən ağ-qara formatda film çəkilmişdi. Baş rollarda Türkan Şoray, Kartal Tibet yer almışdılar. Bütün məşhur teatr və kino aktyorlarının bu filmdə görə bilərdiniz. Buna baxmayaraq, film uğur qazanmadı. Rejissor ikinci dəfə əsəri serial formatında çəkməyə qərar verdi. Serial isə 1986-cı il aprelin 20-də TRT kanalında yayımlandı. 7 hissəli serialın baş rollarını Aydan Şener, Kenan Kalav və Sadri Alışık kimi məşhur türk aktyorları canlandırıb. Söhbət əlbəttə, “Çalıquşu” serialından gedir. 90-cı illərin əvvəllərindən etibarən serial əksər SSRİ ölkələrində də nümayiş edildi və böyük maraqla qarşılandı. Azərbaycanda isə “Çalıquşu” filmi 1990-cı illərdə televiziya kanallarında yayımlandı və böyük tamaşaçı rəğbəti qazandı. Serialda səslənən Esin Engin bəstələri ürəklərə yol tapdı, gözləri yaşartdı, ürəkləri parçaladı. Həmin musiqilər hələ də xatırlanır.
Serialın çəkilişləri 6 ay ərzində 137 məkanda çəkilmişdi. Ümumilikdə, çəkilişlərə 115 milyon lirə xərc çəkilmişdi.
Kamrana olan böyük sevgisinə rəğmən, qüruru səbəbindən İstanbulu tərk edib Anadolunun ucqar kəndlərində müəllimlik edən çox gənc bir qadının, Fəridənin həyatından bəhs edilir. Fəridə (Çalıquşu), yeni nəsil Cümhuriyyət qızının əsl təsviridir. Gözəlliyi ilə hamının dilini dastan olan, bu səbəbdən məcburən təyinatını başqa yerlərə dəyişdirən Fəridə, güclü xarakteri ilə hər bir türk qadınına nümunədir. Kiçik yaşlarında anasını itirən Fəridə, təhsili üçün fransız dili məktəbinə verilir. Dəcəlliyinə görə, ələlxüsus, tənəffüslərdə ağaclara dirmanması səbəbindən “Çalıquşu” adını alır.
Toya bir neçə gün qalmış Kamranın onu Münəvvər adlı bir qadınla aldatmasını öyrənir. Bunu qüruruna sığdırmayan Fəridə, İstanbulu tərk edir. Fəridə fövqəladə gözəlliyi səbəbindən “rüzgarların uçurduğu payız yarpağı”na çevrilir. təyinatını daima dəyişdirməli olur. Son təyinatlarından birində atası kimi hərbi həkim olan Xeyrullah bəy ilə tanış olan Fəridənin həyatı tamamailə dəyişir. İnsani xarakterli Xeyrulla bəy Fəridəni qızı kimi sevməsinə baxmayaraq, dedi-qodulara son qoymaq üçün evlənməli olurlar. Fəridənin hələ də Kamranı sevdiyini başa düşən Xeyrulla bəy onları qovuşdurmaq üçün əlindən gələni edir. Ölümündən əvvəl etdiyi xahişini yerinə yetirən Fəridə İstanbula qayıdır. Yazdığı məktubla bərabər, Fəridənin gündəliyini də Kamrana çatdıran Xeyrulla bəy sonda bir-birlərini hədsiz sevən iki gənci qovuşdurur.
“Kamran” rolunu canlandıran Kənan Kalav haqqında maraqlı faktlar
Kənan Kalav 1990-cı ildə həyat yoldaşının gül dükanında işləyən Lətif Dənizlə İstanbuldan İspaniyanın Barselona şəhərinə gedərkən hava limanında polis tərəfindən tutulublar. Onların çantasında 2 kq narkotik tapılıb. Bu səbəbdən dolayı 10 il azadlıqdan məhrum edilən Kənan Kalav Barselonanın Qerona həbsxanasında yatıb. Kənan Kalav 1 il tək nəfərlik hücrədə qalıb. Amma sonradan altı nəfərlik otağa salınıb.
Əməlindən peşman olan Kənan Kalav 1996-cı ildə İspaniya kralı Karlosa məktubu göndərərək üzr istəyib. Məktubu oxuyan İspaniya kralı həbsxana müdirinə teleqraf yazaraq Kalavın dərhal azad edilməsini tapşırıb. Aktyor təxminən 5 il həbsxanada yatdıqdan sonra 1996-cı ildə həbsdən çıxıb. O, 1999-cu ilə qədər İspaniyada yaşamağa davam edib.
1999-cu ildə Türkiyəyə qayıdan aktyor keçirdiyi dəhşətli yol qəzası ilə gündəmə gəlib. Sağaldıqdan sonra K.Kalav hərbi xidmətə yollanıb. Əsgərlikdən qayıdan K.Kalav bir neçə film və serial layihəsindən çəkilib. Lakin Türkiyədə yaşaya bilməyən ulduz yenidən İspaniyaya qayıtmağa qərar verib.
