677b96c089555202501253928

Azərbaycanda süni mayalanma zamanı həkimlər qadınlarla əlbirdir -Tanınmış vəkildən kişilərə XƏBƏRDARLIQ

“Süni mayalanmaya gedən kişilər, ehtiyatlı olun!”

Bu xəbərdarlığı özünün sosial şəbəkədəki hesabında tanınmış vəkil Əkrəm Həsənov yazıb.

Əkrəm Həsənov Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması, həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyini vurğulayıb.

EKREM.jpg (30 KB)

Qlobal.net vəkilin bu xüsusda yazdığı statusu təqdim edir:

“Ötən il süni mayalanma yolu ilə donor vasitəsi ilə qadının əkiz uşaq doğması barədə Ali Məhkəmənin təəccüblü qərarı barədə yazmışdım Qadının əri arvadının donordan doğmasına razılıq vermədiyini iddia edirdi. Arvadı və həkimi Öndər Tulumbacı isə kişinin razılıq verdiyini bildiridilər. Bununla belə, kişinin razılıq ərizəsi ortaya çıxmasa da, Ali Məhkəmə hesab etmişdi ki, kişi razılıq vermədiyini özü sübut etməlidir. Bu mövqeyin təəccüblü olması ondan ibarətdir ki, heç kəs etmədiyi bir şeyi sübut edə bilməz. Əksinə, onun nəyisə etdiyini iddia edənlər bunu sübut etməlidir. Konkret bu halda kişinin ərizə verdiyini iddia edənlər ərizəni təqdim etməli idilər. Amma etməmişdilər. Bu dəfə oxşar bir iş üzrə Ali Məhkəmənin fərqli qərarını bölüşürəm.

Deməli, burada cütlüyə 2017-ci ildə “Mərkəzi Klinika” MMC xdimət göstərib. Bu dəfə də əkiz uşaqlar doğulub (2018-ci ildə). Bu dəfə də kişi sonradan bilib ki, həkimlər onu aldadaraq uşaqları ondan deyil, donordan doğuzdurublar: “Həkimlər iddiaçını əməliyyat edərək normal toxum hüceyrələri əldə etdiklərini bildirmişlər. 25.05.2018-ci il tarixdə əkiz uşaqlar dünyaya gəlmişdir. Lakin bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər iddiaçıdan xəbərsiz əlbir olaraq, donordan istifadə ediblər”. Buna görə də kişi atalığının ləğvi və vurulan zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə üz tutub.

Klinika məhkəməyə guya kişinin imzladığı razılıq ərizəsini (özü də tarixsiz) təqdim etmişdir. Həmin ərizəyə görə kişi arvadının donordan doğuzdurulmasına razılıq bildirir. Ağdam rayon məhkəməsi bunu rəhbər tutaraq kişinin iddiasını rədd edib. Lakin kişi ərizədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi xətşünaslıq ekspertizası keçirərək müəyyən efdib ki, imza həqiqətən də kişiyə məxsus deyil və bunun əsasında onun iddiasını qismən təmin edib: 8586,34 manat maddi ziyan, 1000 manat isə mənəvi ziyan kimi tanıyıb. Tərəflər məbləğ və digər ikinci dərəcəli məsələlər barədə Ali Məhkəməyə şikayət etmiş və sonuncu sırf bu məsələlərin araşdırılması üçün işi yenidən apellyasiya məhkəməsinə qaytarıb.

Lakin əsas fakt odur ki, kişi razılıq ərizəsi verməmişdir. Buna baxmayaraq, arvadını donordan doğuzdurublar. Üstəlik, üzünə də durublar ki, ərizə vermisən. Lakin təqdim etdikləri ərizədəki imza kişiyə məxsus deyil. Bir sözlə, kişini aldadıblar! Öndər Tulumabcının həkim olduğu işdən fərqli olaraq bu işdə əsas presedent yaranıb: kişi razılıq vermədiyini sübut etməli deyil! Ərizə imzalayıbsa, onu klinika təqdim etməlidir. Etmirsə, deməli, yoxdur ərizə. Təqdim edirsə, imzanın həqiqiliyi yoxlanılmalıdır.

Odur ki, süni mayalanmaya gedən kişilər! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Çünki bicbalaların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir”.

Əkrəm Həsənov qeyd edib ki, süni mayalanma əsnasında donordan istifadə BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasının 7-ci maddəsinə ziddir:

“Həmin maddəyə əsasən uşaq, mümkün olduğu dərəcədə, valideynlərini tapmaq (tanımaq) hüququna malikdir. Buna görə də əksər ölkələrdə, o cümlədən əxlaq səviyyəsinə bəzən şübhə etdiyimiz Avropa ölkələrində, habelə bizə ən yaxın olan Türkiyədə donor vasitəsilə süni mayalanma qadağandır. Bizdə isə qanunsuz olaraq buna yol verilir. Azərbaycan sözügedən Konvensiyaya qoşulub. Buna görə də bu biabırçılığa son qoyulmalıdır”.

06.01.2025 12:47
show 1089