64e3c34c72950202308230428

Azərbaycanda şok bahalaşma gözlənilir - Oktyabrın sonlarından...

Bir neçə həftədən sonra yay mövsümü ilə vidalaşaraq payızı qarşılayacağıq. Payız, ardınca qış aylarında bir sıra məhsulların bahalaşacağı proqnozlaşdırılır. 

Qlobal.net bildirir ki bahalaşmanın səbəbləri kimi həm mövsümə görə tələbatın dəyişməsi, həm də inflyasiya göstərilir. Artıq ət və ət məhsullarında artım müşahidə edilir. 

Məsələ ilə bağlı saytımıza danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev payızda bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərinin cüzi arta biləcəyini vurğulayıb: “Proqnoz vermək çox çətindir. Ancaq payız mövsümündə, əlbəttə ki, kənd təsərrüfatı məhsulları azalır. Meyvənin qiymətlərində ucuzlaşma müşahidə oluna bilər. Yay mövsümündə xiyar, pomidor, eləcə də bir sıra digər məhsullar və göy-göyərti çoxluq təşkil edir. Buna görə də onların qiymətində elə də artım müşahidə edilmir. Ancaq payız mövsümündə bu məhsullar azaldığına görə, müəyyən ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti arta bilər. Ətin qiyməti arta bilər. Pomidor və xiyarın qiyməti artacaq. Lobya, kələm, kartof, soğan kimi məhsulların da qiymətində cüzi artım ola bilər”.

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, sentyabr ayında elə də ciddi artım şokları gözlənilmir: “Xaçmaz və digər şimal bölgələrində açıq sahədə pomidor gec çıxır. Buna görə məhsulun bol vaxtı sentyabr ayına düşəcək. Beləliklə, onun da qiymətində ucuzlaşma olacaq. Ətin qiymətində 1 manat, bəzi yerlərdə isə 2 manat bahalaşma var. Biz bu qiymət artımını daha tez gözləyirdik, ertələndi. Eyni təsirə malik olan kərə yağının bahalaşmasını da gözləyirik.Sentyabr ayında ciddi bahalaşmadan söhbət getməyəcək. Ətin qiyməti məxsusi olaraq, daxili istehsalın kəskin azalması ilə bağlıdır. Çünki dünya bazarında da bir sıra təlatümlər var. Məsələn, taxıl sazişinin pozulması var. Bu dünya bazarında ərzaq buğdasının, un məhsullarının qiymətinə təsir edir. Amma  məsələ orasındadır ki, bolluq var. Bolluq bu vəziyyəti kompensasiya edir. Bu il bütün dünyada taxıl məhsulu boldur. Rusiya  hər il 35-40 milyon ton ərzaq buğdası istehsal edirdi. Bu il isə 48 milyon ton ərzaq buğdası istehsal edir. Digər istehsalçılar da 8,10,15, Hindistan isə ümumiyyətlə 20 faiz artıq buğda istehsal edib". 

Ekspert söyləyib ki, əsas artım şokları oktyabrın sonlarından başlayacaq: "Bu dövrdə dünya bazarında da qiymətlərin bahalaşması gözlənilir. Meyvə, əsasən də tərəvəz mövsümü başa çatacaq. Tərəvəz məhsulu sona çatandan sonra  yenidən  biz ətin, yağın, süd və süd məhsullarının qiymətində artım müşahidə edəcəyik".

İqtisadçı ekspert Natiq Cəfərli də qiymət artımının olacağını düşünür: "Azərbaycanda payız aylarında hər il ənənəvi olaraq yerli məhsulların, yəni payız məhsullarının tərəvəzin qiymətində müəyyən ucuzlaşma olurdu. Amma indi vəziyyət tamam fərqlidir. Ümumi inflyasiya səviyyəsi yüksək olduğuna görə, kənd təsərrüfatı ilə məşğul olan fermerlər məcburdular ki, öz məhsullarını daha baha qiymətə satsınlar. Bununla onlar infilyasiyaya ayaq uydurmağa çalışırlar. Onlar da istehlakçıdırlar. Başqa məhsulları istehlak edirlər. Bizdə inflyasiyanın yüksək olması digər sahələrə, yəni ənənəvi olaraq ucuz ola biləcək sahələrə də təsir göstərir. Beləliklə də, həmin sahələrdə də qiymət artımı olur. Azərbaycanın bir “pis” ənənəsi də var. Yeni il qabağı dekabrdan başlayaraq, bayramla əlaqədar olaraq ərzaq məhsullarına tələb artır. Bu isə ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olur. Çox güman ki, bu il də  belə bir mənzərə ilə qarşılaşa bilərik".(modern)

 

22.08.2023 00:03
show 739