265 kiloqram çəki 4 normal çəkili orta statistik azərbaycanlının çəkisinə bərabərdir. Bir insan özündə 4 insanın çəkisini, piyini, ağılrlığını daşıya bilərmi? Belə bir çəki ilə yaşaya bilirmi?
Günümüzün aktual xəstəliklərindən hesab edilən piylənmə ilə bağlı bir çox həkimlərimiz həyəcan təbili çalmaqdadır. Dünya "piylənmə pandemiyası" ilə üz-üzədir.
Piylənmə ilə mübarizədə beynəlxalq protokollar bir sıra müalicə üsulları təklif edir ki, cərrahi metodla ən uğurlu müalicə üsulu bariatrik əməliyyat - mədəkiçiltmə hesab edilir.
Son 10 ildə Azərbaycanda bu əməliyyatı icra edən mütəxəssislərimiz artmaqdadır. Beynəlxalq səhiyyə sektorunda bariatrik sahə üzrə ölkəmizi təmsil edən bariatrik metabolik cərrah t.e.d. Dr. Taryel Ömərov günümüzə qədər icra etdiyi yüzlərlə bariatrik əməliyyat sayəsində piylənmə ilə mübarizədə səhiyyəmizə önəmli töhfə vermişdir.
Qlobal.net "Medicina"-ya istinadən xəbər verir ki, Azərbaycanda rekord çəkidə, 265kq-lıq pasiyentin bariatrik əməliyyatının icraçısı olan Dr. Taryel Ömərov xəstə barədə açıqlama verib.
"Bu vaxta qədər əməliyyat etdiyimiz onlarla ağırçəkili pasiyentimizin uğurlu nəticələrindən həm pasiyentlər, həm də biz əlavə stimul almış olurduq. Amma bu dəfəki pasiyentimiz extra ağır çəkili olması ilə seçildi və icra etdiyimiz maraqlı, nadir əməliyyatlar silsiləsindən yeni bir səhifə bəxş etdi.
265 kq-lıq insanın həyatını, əzabını düşünə bilirsinizmi? Bu xanım öz şəxsi həyatında necə əziyyət çəkir, həyat keyfiyyətinin aşağı düşməsi ona həyatdan zövq almağa necə maneələr törədir?
Bir də düşünün, bütün risk faktorlarını göz önünə alaraq, bu və bu kimi pasiyentləri əməliyyat edirik və 9-12 ay müddətində öz ideal çəklilərinə çatırlar. Bütün problemləri, xəstəlikləri geridə buraxaraq sanki dünyaya yenidən gəlmiş kimi yaşayıb həyatdan zövq almağa başlayırlar".