Çoxlarınızın, deputatların, hətta dövlət komissiyalarının mövzunu eşidəndə "aaa!", "oyy!" nidalarının müşayiətilə, "sən Allah məni belə məsələlərə qatma" deməsilə başladı məsələyə yanaşma. "Ayıbdır", "intim mövuzlara toxunmayın" deyə-deyə, gəldik çıxdıq namusun gözəllik salonlarında pulla bərpa edildiyi zəmanəyə! Amma pulla bərpa etdirdiyiniz bakirəliyin yükünü zəmanənin üzərinə ata bilməyəcəksiniz bu dəfə.
Çünki bir anlıq hisslərinizə hakim kəsilə bilməyən bəziləriniz, başqa
birinin həyatını alt-üst etməyi gözə alacaq qədər NAMUSSUZSUNUZ! Bu
addımı atıb, telli-duvaqlı gəlin olub, belinizə qırmızı lent bağlayanda
heç düşünmədinizmi xoşbəxtliyiniz o lent boyda da olmayacaq?..
Bir başıpapaqlınız olmadımı, sizə nəzarət etsin? Yoxsa daha papaq da
dəbdən düşüb?...Vallah elə dəb deyib sırıdıqlarınızdır zəmanəni bu günə
qoyan.
Əlqərəz qayıdıram mövzu ilə bağlı müraciət etdiklərimə. O mövzuyla bağlı
ki, Azərbaycanda var və bunu danan ya azərbaycanlı deyil, ya da uzun
müddətdir ölkə hüdudlarından kənardadır ki, məsələdən halı deyil.
İlk olaraq müraciət etdiyim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsindən intim məsələ olduğu üçün heç kimin açıqlama verilməyəcəyini
bildirdilər. İsrarlarım isə yersiz oldu.
Növbəti müraciət etdiyim Milli Məclisin Ailə, qadın, uşaq komitəsinin
sədri Aqiyə Naxçıvanlı isə sualımı eşitcək az qaldı olduğu yerdən gəlib
məni assın. O Aqiyə Naxçıvanlı ki, Zaur Baxşəliyev və Xoşqədəm
Baxşəliyevanın müəllifi olduğu verilişlərin cəmiyyətə zərərindən
ağzıdolusu danışırdı. Amma indi "ay qız, bu nə mövzudur, mən ümumiyyətlə
bu haqda danışa bilmərəm. Belə şey olar?" deyərək dəstəyi asdı.
"Bu addımı atan qadınları heç cür anlaya bilmirəm"
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədi Mehriban
Zeynalova isə Modern.az-a deyib ki, o, belə müraciətlərlə dəfələrlə
rastlaşıb.
"Mənə müraciət edənlər arasında belə hallar yaşayanlar olub. Amma heç
vaxt onlara dəstək vermirəm. Mən hesab edirəm ki, insanlar ailə quranda
dürüst olmalı, ailənin təməli ilk gündən sağlam qoyulmalıdır.
Bəzilərinin toydan əvvəl bakirəliyin bərpası üçün etdiyi müraciətlərə
gəlincə, bu, tələb təklif məsələsidir. İnsanlar bəzi hallarda özləri
məcbur edir ki, bu hadisələr baş versin.
Bəziləri bilərəkdən, hisslərinə qulaq asaraq addım atır, daha sonra bu faciəyə çevrilir və əməliyyata üz tuturlar".
M.Zeynalova hesab edir ki, qadınların bu əməliyyata üz tutmalarının səbəbi də qınaqdır: "Qadınlar belə başa düşür ki, heç kim onları anlamayacaq yaxud qəbul etməyəcək və gələcəkdə həyatları qınaq altında olacaq.
Mən ümumiyyətlə, sonu olmayan bu cür münasibətləri dəstəkləmirəm. Nə
qədər ağır, çətin olsa da, reallığı deyib qarşındakına dürüst olduğunu
nümayiş etdirməlisən. Onsuz da səhv addımı atmısan, bunu bir də hansısa
müdaxilə, əməliyyatla sənə inanıb ailə quran adama etmək heç də doğru
deyil".
"Aldadan da kişidir, qadının namusunu ləkələyib sonra öldürən də"
Hüquq müdafiəçisi deyir ki, əslində qadını aldadan da, aldanmış vəziyyətdə ortada qoyub qınayan da kişidir:
"Bu hadisəyə görə o qadını öldürən də kişidir. Bu baxımdan övlad böyüdən
valideynlər onlara düzgün tərbiyə verməli, kiminsə həyatını alt-üst
etməyə, aldatmasına icazə verməməlidir. Hər kəsin digərləri qarşısında
məsuliyyət hissi olmalıdır.
Onun həyatı, onun yaşamı, onun psixoloji durumu ilə bağlı məsuliyyətini
dərk etməlidir. Təbii ki, hər bir qadın ailə qurmaq istəyir və bu ailəni
əmin olaraq qurmaq istəyir. Təəssüf ki, sui-istifadə hallarında bu cür
problemlər ortaya çıxır. Yenə də həmin hal olubsa belə, düşünürəm ki,
onu doğru şəkildə anlatmaq lazımdır.
Bu əməliyyatlar, həkimlərə müraciətlərə son qoyulmalıdır. Əgər kimsə
səni sevirsə, səni olduğun kimi, şəxsiyyət kimi, ruhun kimi sevəcək".
"Yalanın ömrü heç bir həftə də çəkmədi..."
M.Zeynalova bakirəliyini bərpa etdirdikdən sonra ailə qurub boşanan bir qadının ona kömək üçün müarciət etdiyini qeyd edir: "Bakirəlik əməliyyatlarına üz tutub sonra problem yaşayan 20, 22, 28, 32
yaşlı xanımlar bizə müraciət edib, amma heç bir halda mən onlara kömək
etməyi boyun olmamışam. Çünki qəti şəkildə bu cür əməliyatlara qarşıyam.
Bir dəfə mənə bir xanım yaxınlaşmışdı. Çox ziyalı bir xanım idi. Yəni bu
kimi məsələlərdə qadınların təhsilsiz olmasını əsas gətirirlər çox
vaxt. Amma bu xanım təhsilli idi. Deməli, bu xanım öz nişanlısı ilə
münasibətdə olmuşdu. Amma onlar evlənəsi olmamışdı. Sonradan qadın başqa
bir bəylə ailə qurmağa hazırlaşanda yaşadıqlarını gizlətməkdən ötrü
əməliyyata müraciət etmişdi. Toydan bir həftə sonra telefonda rəfiqəsinə
prosesi danışanda təsadüfən yoldaşı onu eşitmişdi. Yalan üzərində
qurulan ailəyə bircə həftənin içərisində son qoyulmuşdu. Qarşı tərəf heç
cür aldadıldığı ilə razılaşa bilmirdi. Baxın bu əməliyyatların belə
nəticələri də var. Ona görə gizlətmək, aldatmaq, süni şəkildə bakirəliyi
bərpa etmək yolverilməzdir.
Ümumiyyətlə, bakirəlik məsələsi və onun bərpası daha çox Şərq
ölkələrində yayılıb. Harada ki, bakirəlik insan, qadın faktorundan üstdə
durur, məsələ orda da aktualdır".