Yüngül həyat tərzi keçirən qadını qətlə yetirməkdə ittiham olunan 1969-cu il təvəllüdlü Mayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mayıl Məmmədov 8 mart 2017-ci ildə saat 17.30-da tanışı Gülnar
İbrahimova ilə cinsi əlaqədə olmaq məqsədi ilə Mingəçevir şəhərində
yerləşən 1 saylı orta məktəbin yaxınlığında onunla görüşüb, idarə etdiyi
VAZ-2107 markalı avtomobili ilə birlikdə Yevlax-Ağdaş şosse yolunun
kənarındakı meşəlik sahəyə gəlib.
20 manata cinsi əlaqə
Orada Mayıl Məmmədov Gülnar İbrahimova ilə birgə kolbasa-çörək yeyib,
spirtli içki içib. Sonra Gülnar İbrahimovaya cinsi əlaqədə olmağı təklif
edib. Qadın cinsi əlaqə müqabilində ondan 20 manat tələb edib.
Gülnar İbrahimova Mayıl Məmmədovdan 20 manatı alıb, sonra menstruasiya
dövründə olduğunu bildirərək cinsi əlaqədən boyun qaçırıb. Belədə Mayıl
Məmmədov 20 manatı geri istəyib. Gülnar İbrahimova pulu qaytarmaqdan
imtina edib.
Mübahisə zamanı Gülnar İbrahimova onun və anasının ünvanına nalayiq
ifadələr işlədib. Mayıl onun sifətinə şillə vurub, ona bədən xəsarəti
yetirib.
Çay kənarında qətl
Gülnar İbrahimova söyüş söyməyi davam etdirib, Mayıl Məmmədov buna görə
qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. O, qadını
avtomobilinə əyləşdirib və əvvəlcədən tanıdığı Qax rayonu Əlibəyli
kəndinə gedən avtomaşın yolunun 900-cü metrliyindən keçən, yaşayış
məntəqəsinin olmadğı əraziyə, çayın kənarına gətirib.
Gülnar İbrahimova yenidən onun və mərhum anasının ünvanına təhqiramiz
ifadələr işlətdiyindən çay kənarındakı torpağın üstündən götürdüyü ağac
parçası ilə onu vurub. Gülnar İbrahimova aldığı xəsarətlərdən hadisə
yerində ölüb.
İstintaq orqanı tərəfindən Mayıl Məmmədovun barəsində Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa
yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.
“Yolda tanış olduq”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayıl
Məmmədov bildirib ki, Mingəçevir şəhər sakini, yüngül həyat tərzi
keçirən Gülnarı 2017-ci ilin fevralın 27-də Mingəçevir şəhərinə müştəri
aparıb düşürtdükdən sonra tanıyıb:
“Həmin gün saat 11 radələrində idarə etdiyim maşınımla Mingəçevir
şəhərinə müştəri apardım. Geri qayıdarkən keçmiş tikiş fabrikinin
yaxınlığında Gülnar və ayaqdan axsaq olan Təranə adlı qız mənə əllə
işarə edərək maşını saxlatdırdı, onları Xaldan qəsəbəsi istiqamətinə
aparmağımı xahiş etdilər.
Yolda həmin qızlarla tanış oldum. Onların hər ikisinin yüngül həyat
tərzi keçirən qadın olduqlarını bildim. Gülnarın mobil nömrəsini aldım”.
“Məqsədim cinsi əlaqədə olmaq idi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, martın 8-də saat 17:00-da
Gülnarın mobil nömrəsinə zəng edib və onunla Mingəçevir şəhərində
görüşüb:
“Gülnara cinsi əlaqədə olmaq istədiyimi bildirdim, razılaşdı. İdarə
etdiyim avtomaşınla Mingəçevirə getdim. Saat təxminən 17.30-da onu
götürdüm, maşını Xaldan qəsəbəsi istiqamətinə sürdüm. Məqsədim yemək və
araq alaraq Gülnarla yeyib-içdikdən sonra avtomaşın yolu kənarındakı
“İydəlik” adlanan yerdə dayandırıb, onunla cinsi əlaqədə olmaq idi. Ona
görə avtomaşını Xaldan qəsəbəsinə tərəf sürdüm.Qəsəbənin Ağdaş rayonu
istiqamətinə gedən yerində avtomaşın yolunun sağ tərəfindəki “Ucuzluq”
adlı marketin qarşısında saxladım.
Marketdən kolbasa, çörək, 1 litrlik “Kola”, “Zolotoy kolso” adlı yarım
litrlik araq və bir dəfəlik plastmas stəkanlar aldım. Yevlax rayonu
istiqamətinə gedən iydə ağaclarının yaxınlığında maşını saxladım.
Aldığım ərazaqları və araq şüşəsini maşının kapotunun üstünə qoydum, yeyib-içdik”.
“Dedi, əvvəl pulu ver, sonra...”
Mayıl Məmmədov bildirib ki, Gülnar təxminən 100 qram araq içəndən sonra
ondan “görüş pulu"nu istəyib: “Nə qədər pul verəcəyimi soruşdum, dedi,
20 manat. Hələ cinsi əlaqədə olmadığımızı, niyə tez pulu istədiyini
soruşdum, dedi ki, əvvəl pulu ver, sonra səninlə cinsi əlaqədə olaram.
20 manatı verdim. O, stəkanın yarısı qədər 2 dəfə dalbadal araq içəndən
sonra cinsi əlaqədə olmağı təklif etdim. Gülnar xəstə olduğunu bildirdi.
Başa düşdüm ki, Gülnar qadın xəstəliyini nəzərdə tutur. Ona görə dedim,
əgər xəstə idinsə nə üçün pulu aldın?.. “Evdən çıxmışam, vaxtımı
almısan, pulumu almalıyam” cavabını verdi. Ondan 20 manatı qaytarmasını
tələb etdim. Nalayiq formada “rədd ol get” ifadəsini işlətdi. Ona “sən
məni “lox” hesab edirsən?” deyə qəzəbləndim. Verdiyim pulu geri
istədim”.
“Gülnarı evinə aparmaq istəyirdim”
Mayıl Məmmədov bildirib ki, Gülnardan təkidlə 20 manatı tələb edəndə
təkrarən qadın nalayiq ifadə ilə söyüb və pulu qaytarmayacağını
bildirib: “Sol əlimlə onun üzünün sol tərəfinə bir şillə vurdum. O da
mərhum anamın ünvanına nalayiq ifadə işlətdi. Sonra onu yenə də vurdum.
Şilləni vuranda dodağının sol tərəfi zədələndi, qanadı. Bundan sonra
ünvanıma daha təhqiramiz söyüşlər dedi.
Onu maşına oturdub aparmaq istəyəndə araq butulkasını götürərək başına
çəkdi, təxminən 1 stəkana kimi araq içdi. Əlindən araq butulkasını aldım
və maşın yoluna tərəf atdım. Butulka asfalta dəyərək sındı.
Gülnar bundan sonra anamın qəbrini nalayiq söyüşlərlə söyəndə
avtomaşının sağ tərəfdən qapısını açdım, ondan maşına oturmağı tələb
etdim. Arxa oturacağın sağ tərəfində oturdu. Məqsədim Gülnarı Mingəçevir
şəhərinə, yaşadığı evinə aparmaq idi”.
“Gülnar elə sərxoş idi ki...”
Mayıl Məmmədovun ifadəsinə görə, “555” adlı kafeyə çatanda Gülnar ondan
“Qəhbə oğlu, hara gedirik” deyə soruşub: “Bundan sonra fikrimi dəyişdim.
Avtomaşını yolun kənarına verdim, maşını Şəki rayonu istiqamətinə
döndərdim. Gülnarı cəzalandırmaq məqsədilə əvvəllər bir neçə dəfə
sərnişin apardığım Qax rayon mərkəzindən Zaqatala rayonu istiqamətinə
gedən avtomaşın yolundan təxminən 8-10 kilometr aralıda solda, Əlibəyli
kəndi tərəfdə çaya doğru aparmaq qərarına gəldim.
Gülnar çox içdiyinə görə həddən artıq sərxoş idi. Özünü idarə edə
bilmirdi, arxa oturacaqda oturaraq mobil telefonu ilə kiminlə danışırdı.
Danışığından telefonda “Whatsapp”la kiməsə səsli mesaj göndərdiyini
başa düşdüm. Sərxoş olduğu üçün çətinliklə danışırdı.
Həmin yerə gəldim. Gülnarı avtomaşından düşürdüm, körpünün olduğu yerdə
sağda, çaya tərəf aparanda müvazinətini saxlaya bilmədi. Sol tərəfi
üstünə asfalt yola yıxıldı. Onun zədələnib-zədələnməməsinə əhəmiyyət
vermədim. Ayağa qaldıraraq meyitini çaya atacağım yerin yaxılığındakı
daşlığa gətirəndə o, yenidən ağzı üstə yerə yıxıldı. Onu ayağa qaldırmaq
isətəyəndə mənim və mərhum anamın ünvanına nalayiq söyüşlər işlətdi,
onu nə üçün yerə yıxdığımı bildirdi. Ona “səni mən yıxmadım, özün
yıxıldın” cavabını verdim”.
“Xırıltılı səsi gəldi, zarımağa başladı”
Təqsirləndirilən şəxs qeyd edib ki, çayın sağ tərəfi ilə 8-9 metr
getdikdən sonra Günar böyük bir çay daşının üstündə oturmaq istəyib,
özünü saxlaya bilməyib və arxası üstə çay daşlarının üstünə yıxılıb:
“Onu ayağa qaldırmaq istəyəndə yenə söyüş söydü, yenə anamın qəbrinə
söyəndə onun döş nahiyəsindən yumruğumla geri itələdim. O, yerə yıxıldı.
Yerdən götürdüyüm ağac budağı ilə uzanaqlı vəziyyətdə olan Gülnarın
ağzından itələdim.
Əsəbi halda, ağzını yummasını və söyüş söyməməsini tələb etdim. Ağac budağını onun ağız boşluğuna itələdim, soxan kimi səsi xırıldamağa başladı. Qışqırmaq isətəsə də, səsi çıxmadı. Başa düşdüm ki, Gülnarın ağzına soxduğum qırıq budaq onun dilinin dibinə kimi girib. Çünki o, qışqıra bilmədi, xırıltılı səsi gəldi və zarımağa başladı”.
“Təpədən yelləyərək çaya atdım”
Mayıl Məmmədovun ifadəsinə görə, Gülnarın zarıldamasını görüb, əynində şalvarındakı kəmərindən tutub və çayın kənarındakı təpədən çaya tullamaq istəyib: “Bu zaman kəmər qırıldı. Gülnar möhkəmdən zarıldadı, ağac ağzında olduğu üçün qışqıra bilmədi. Başa düşdüm ki, onun ağızına soxduğum budaq qırığı qışqırmasına imkan vermir. Bundan sonra bir əlimlə onun şalvarının bel tərəfindən, digər əlimlə də əynindəki qara rəngli koftasının arxa hissəsindən tutdum, onu təpədən yelləyərək çaya tərəf atdım.
Gülnar çaya düşəndə möhkəm su səsi gəldi, onun çayın içinə düşdüyünü
bildim. Mobil telefonumun fanarını yandırdım, Gülnarı atdığım yerə
baxanda onun çayın içində üzü üstə çabaladığını gördüm. Ona əhəmiyyət
vermədim, avtomaşına oturdum və yaşadığım Yevlax rayonu Yuxarı Salamabad
kəndinə getdim”.
“Etdiyim əməldən peşman olmuşdum”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə saat təxminən 2-yə 20
dəqiqə işləmiş evinə çatıb: “Səhər saat 9-da oyandım. Çay içəndən sonra
maşına baxanda Gülnarın markasını xatırlamadığım mobil telefonunun və
gödəkçəsinin maşının arxa oturacağında qaldığını gördüm.
Gödəkçəni götürərək qarajda olan sellofan kuloka qoydum, qaraj kimi
istifadə etdiyim navesin altındakı dəmir seyfdə gizlətdim. Mobil
telefonun arxasını açdım, içərisindəki batareykanı çıxartdım. Telefonu
evdə şkafın içində olan mələfələrin arasına qoydum.
Mobil telefonun batareykasını çıxarmağımın səbəbi telefonun yerinin
öyrənilməsinə maneçilik yaratmaq olub. Çünki televiziyada baxdığım
kinolarda görmüşdüm ki, telefonla adamların olduğu yeri öyrənmək olur.
Gödəkçəni sellofan kulokda qarajdakı dəmir seyfə qoyanda onun ciblərinə
baxmamışam. Çünki səhəri günü artıq sərxoşluqdan ayılmışdım və etdiyim
əməldən peşman olmuşdum. Hadisədən sonra evə qayıtdıqda törətdiyim
hadisə barədə kiməsə danışmamışam. Ancaq qaynaqçı kimi şərikli işlədiyim
həmkəndlim Nizami Məmmədova nə vaxtsa polislərin gəlib məni aparacağını
demişdim. Nizami də “nə üçün aparacaqlar” sualını verdikdə, “nəsə
ürəyimə damıb” cavabını verdim”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayıl Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mayıl Məmmədov apelyasiya şikayəti verib. O,
barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Şəki Apelyasiya
Məhkəməsinin qərarı ilə Mayıl Məmmədovun şikayəti təmin edilməyib.
Daha sonra o, kasasiya şikayəti versə də, Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti də təmin edilməyib.