Azərbaycanda iki güclü zəlzələ nəyin xəbərçisidir?
İyulun 26-da yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından
23 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ
episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Xatırladaq
ki, iyulun 4-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olmuşdu.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji
Xidmət Mərkəzinin o vaxt yaydığı məlumata görə, zəlzələ ocağı 20
kilometr dərinlikdə olub. Zəlzələ Quba, Xaçmaz, Siyəzəndə 6 bala,
Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss
olunmuşdu. 22 gündən sonra 5 bal gücündə təkrarlanan zəlzələ nə
deməkdir? Bu, daha güclü yeraltı təkanların xəbərçisidirmi?Yeri
gəlmişkən, Türkiyədə bu il fevral ayının 6-da baş vermiş zəlzələdən
sonra Azərbaycanda da güclü zəlzələnin olacağı barədə zaman-zaman
məlumatlar verilir. Bildirilir ki, qardaş ölkədə baş verən dəhşətli
zəlzələ Azərbaycanda da zəlzələ ocağını oyadıb. Düzdür, rəsmilər bu
xəbərlərin əsassız olduğunu desələr də, baş verən son iki zəlzələ faktı
bu cür şübhələrin yaranmasına əsas verib. Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji
Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a dedi
ki, bəzi xarici saytlar Lənkəranda olan zəlzələni Xəzərdə olmuş kimi
təqdim ediblər: “Bu yanlışdır. Lənkərandan 23 kilometr şimal-qərbdə baş
vermişdi, zəlzələnin episentri ora düşmüşdü. Hər gün yerdaxili proseslər
gedir və getməlidir, yəni bu da insan kimi canlıdır, hərəkətdədir.
Tektonik qırılmalarla parçalanmış o bloklar ki deyirik, litosferdə gedən
bütün hərəkətlərin hamısı gizlənilir. Onların da hərəkətlərinin
müxtəlifliyi sayəsində zəlzələlər, layların parçalanması baş verir.
Orada müəyyən müddətdə sıxıntı əmələ gəlir, gərginlik, deformasiya
şəraitində olur, sonra parçalanma gedir. Eləcə də digər blokun o biri
tərəfindəki məsafə etibarilə bloklararası tektonik qırılması müşayiət
olunanda o tərəfdə də, bu tərəfdə də olur, laylar parçalanır, zəlzələlər
baş verir.
Qaldı ki o hərəkətlərə görə, gərginlik, deformasiya
vəziyyətinə görə güclü, dağıdıcı - 9 ballıq, ondan da artıq zəlzələ
olmaq ehtimalına, bu gözlənilmir. Yəni yaxın zamanlar üçün gözlənilmir.
Bunu deyə bilmərəm ki, ömürlük belə olacaq. Hər günün öz hökmü var. Amma
mən xalqa müraciət etmişdim ki, rahat yatın, yaxın vaxtlarda Xəzərdə
güclü zəlzələnin olması ehtimalı yoxdur, ola bilməz. Avtoşoklar ola
bilər, içində xırda hiss olunanı da qorxulu deyil. Çünki biz orada həmin
müddət baş verən zəlzələdən ayrılan enerjinin gücünü hesabladıq. Orada
qalmış enerjini hesabladıq. Onlara əsaslanaraq deyə bildik ki, o lokal
sahədəki parçalanma, zəlzələ 65 kilometr dərinlikdə baş verdi. Ona görə
arxayınlıqla dedik. Heç hiss olunan bir təkan da olmadı. 5-6 dəfə
avtoşok oldu. O da cihazlar vasitəsilə qeydə alındı. Ancaq millət
təşvişə düşdü. Amma insanları da qınamıram. Türkiyə zəlzələsi heç kimin
beynindən çıxmayıb. Amma insanları rəsmi məlumatlara inanmağa
çağırıram".
Mərkəz direktoru “dənizdə maksimum hansı bal gücündə
zəlzələ insanlar üçün təhlükəli ola bilər” sualına belə cavab verib:
“8-9 bal gücündə zəlzələ istər dəniz, istərsə də quru ərazi olsun,
fəlakətlərə, dağıntılara səbəb ola bilər. İndi yay mövsümüdür, bütün
ölkə ərazisində xırda təkanlar olur, bunlar qorxulu deyil. Bunlar elə
bir dalğa yarada bilməz ki, deyəsən nə isə ola bilər”.