Azərbaycanda ətin kilosu 20 manat oldu
Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt
bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20
manata satılır.
Qlobal.net xəbər verir ki, Yenisabah.az-ın bu gün Bakı
bazarlarında monitorinq aparan əməkdaşı qiymət artımının səbəbləri ilə
maraqlanıb. Satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər.
Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı
kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da
bazara çıxarılaraq satılıb.
Satıcılar deyiblər ki, ətin bahalaşmasının digər səbəbi isə son 3
gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların
gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.
Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar
qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların
gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.