672edf778d18e202411240511

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Qlobal.net xatırladır ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib.

1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən, həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub.

1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

Dövlət bayrağı günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Qeyd edək ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıdakı Dövlət Bayrağı Meydanında olublar. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

Həmin bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır. Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə isə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı.


09.11.2024 00:11
show 419