"İnflyasiya və devalvasiyanın gözləntisi inflyasiya və devalvasiyanın özü qədər təhlükəlidir. Gözləntilər gec, ya da tez inflyasiya və devalvasiyanı reallaşdırır. Əhalidə bu gözləntinin olmaması üçün administrativ məsələlərdə müəyyən güzəştlərə getmək olar".
Bunu Musavat.com-a iqtisadçı Elman Sadıqov deyib.
Ekspert bildirib ki, hazırkı dövrdə devalvasiya aktual deyil:
"Devalvasiya üçün hər hansı fundamental əsas yoxdur. İlk növbədə devalvasiya üçün addım atdıqda onu şərtləndirən amillər və şərait yetişməlidir. Yəni ölkənin tədiyə balansında mənfi saldo varmı? Xeyr, yoxdur. Əksinə, 6 ayın nəticələrinə görə, müsbət saldo 10 milyardı keçib. Neft qiymətlərindəki növbəti 3 aydakı təlatümləri nəzərə alsaq, qiymətlərin də 100 dollardan aşağı olması ssenarisini götürsək, tədiyə balansımızın ilin sonuna təxminən 17-18 milyard dollar profisitlə bağlanacağı ehtimal olunur. Bu proqnoz onu deməyə əsas verir ki, ölkədə dollarla bağlı sıxıntı olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hazırda qlobal iqtisadiyyatda çox ciddi proseslər gedir, ciddi təlatümlər gözlənilir. Xüsusilə növbəti 6 ayda qlobal iqtisadiyyatda nələrin baş verəcəyi çətinliklə proqnozlaşdırılır. Belə bir məqamda devalvasiyaya getmək ikiqat risk deməkdir. Üçüncü məsələ ondan ibarətdir ki, hazırda dünyada inflyasiya dalğası var. Bu inflyasiya müəyyən əmtəə məhsullarında, müəyyən sahələrdə zəifləyib. Xüsusilə taxıl məhsullarında qiymətlər öz pik səviyyəsindən aşağı düşüb. Bura metallar da aiddir. Amma hər bir halda hazırkı dövrdə devalvasiya inflyasiyanı çox ciddi şəkildə tətikləyə bilər. Nəticə etibarilə biz daha ciddi problemlərlə üz-üzə qala bilərik. Bu onu deməyə əsas verir ki, devalvasiya daha ciddi problemlər yaradacağı üçün aktual deyil.
Digər əsas məsələ - hazırda neft və qazın qiyməti yüksəkdir, növbəti 6-7 ay ərzində xüsusilə qaz qiymətlərinin kəskin enişindən söhbət gedə bilməz. Növbəti 6 ay ərzində yanacağa olan tələb isə aşağı düşəcək. Çünki turizm dövrü bitib, nəqliyyat, aviauçuşlar yay aylarına nisbətən daha aşağı olur. Amma OPEK+ ölkələri hasilatı aşağı salmaqla qiymətləri tənzimləyirlər. Və nəticə etibarilə qiymətlər ən pis halda 70-80 dollar ətrafında ola bilər. Amma düşünürəm ki, neft qiymətlərinin kəskin çökməsi ehtimalı çox aşağıdır. Neft qiymətlərinin kəskin düşməsinə səbəb ola biləcək yeganə amil qlobal iqtisadiyyatdakı çöküş ola bilər. Böhranların hazırda kəskin olmamasının səbəblərindən biri ondan ibarətdir ki, problemlər maliyyə sektorunda tam əks olunmur. Ayrı-ayrı banklarda və maliyyə təşkilatlarında müəyyən problemlər ola bilər, amma hökumətlər bunun qarşısını almaq üçün tədbirlər görəcək".