Abşeron rayonunda 1964-cü il təvəllüdlü Muxtar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Vüsaləni (adlar şərti verilib - red.) öldürüb.
Qlobal.net teleqraf-a istinadən Muxtarın birinci nikahdan olan 1987-ci
il təvəllüdlü qızı Vüsalə əxlaqsız həyat tərzi yaşayıb, ondan hər dəfə
pul tələb edib, pul vermədikdə isə ailə üzvləri, qohumları haqqında
sosial şəbəkələrdə mütəmadi məlumatlar və fotokollajlar, o cümlədən
bədəninin intim yerində atasının, qohumlarının şəkillərini yerləşdirib,
barələrində ağır söyüş və təhqiredici ifadələr olan yazılar paylaşıb.
Muxtar qızına əxlaqsızlıq etməməsi, sosial şəbəkədə onun, ailə üzvləri
və qohumları barəsində rüsvayedici foto və yazılar yaymaması barədə
növbəti dəfə xəbərdarlıq edib. Vüsaləni əməllərinə görə öldürmək
qərarına gəlib.
Bu məqsədlə əvvəlcədən Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində
yerləşən mağazaların birindən bıçaq alıb. 3 iyun 2022-ci ildə qızının
kirayədə yaşadığı Masazır qəsəbəsi, Yeni Bakı" yaşayış kompleksinə
gəlib.
Muxtar qızının yaşadığı mənzildən çıxmasını gözləyib. Təxminən 30 dəqiqə
sonra, yəni saat 12 radələrində Vüsalənin mənzildən çıxdığını görüb.
Qızına yaxınlaşaraq onun və qohumları haqqında rüsvayedici məlumatları
yayması, əxlaqsızlıq etməsinə görə iradını bildirib. Ondan belə
hərəkətləri dayandırmasını tələb edib.
Vüsalə atasının sözlərinə nümayişkaranə məhəl qoymayıb və pilləkənlə
3-cü mərtəbəyə düşüb. Muxtar da iradını bildirə-bildirə qızının
arxasınca gələrək 3-cü mərtəbəyə çatıb.
Bu zaman Vüsalə "sizi rüsvay etməkdə davam edəcəm" deyərək, atasını
nalayiq sözlərlə təhqir edəndə onu öldürmək niyyətini qətiləşdirib.
Əvvəlcə yumruqla qızının burnundan zərbə vurub. Zərbənin təsirindən
qızın burnu qanayıb. Daha sonra Muxtar corabının içərisində gizlətdiyi
bıçağı çıxararaq Vüsaləni vurmaq istəyib.
Vüsalə əliylə atasının bıçaq saxlayan əlindən vurub. Zərbənin təsirindən
bıçaq mərtəbələr arasındakı boşluqdan birincə mərtəbənin döşəməsinə
düşüb.
Muxtar Vüsalənin qaçmasının qarşısını almaq üçün saçından tutaraq özü
ilə birinci mərtəbəyə düşürüb. Orada bıçağı götürərək qızına çoxsaylı
zərbələr vurub.
Vüsalə aldığı zərbələr nəticəsində kəskin qan itirməsindən dünyasını dəyişib.
"Qızımla əlaqə yaratmaqdan imtina elədim"
İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət
işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü qismən
təqsirli bilib. O bildirib ki, Vüsalə onun birinci nikahdan olan
övladıdır: "Boşandıqdan sonra məhkəmə aliment təyin etdi. Cəmi 1-2 ay
aliment verdim. Sonra Vüsalənin anası Zəminə ərə getdi.
Zəminənin əri aliment lazım olmadığını, Vüsaləni özü böyüdəcəyini
bildirdi. Böyüyəndən sonra Vüsalə özü mənə zəng elədi. Lakin barəsində
pis sözlər eşitdiyimə görə onunla əlaqə qurmaq istəmədim".
"Lüt şəkillərimi paylaşdı"
Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsalə 2018-2019-cu ildən onu təhdid
etməyə başlayıb: "Ona haqqı olanı verməsəm, məni biabır edəcəyini
bildirdi. Neçə ildir bizə əziyyət verirdi. Sosial şəbəkələrdə məni və
ailəmi təhqir edirdi. Sosial şəbəkələrdə lüt şəkillərimi paylaşır, ayıb
yerinin üzərinə şəkillərimi qoyur, qızlarımı, nəvələrimi aşağılayırdı.
Hətta bir dəfə Zaur Baxşəliyevin verlişinə çıxaraq məni biabır elədi.
Daha sonra Türkiyəyə getdi, oradan paylaşımlar etməyə başladı".
"Polisə şikayət etdim, nəticəsi olmadı"
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə Vüsaləni Türkiyədən
gətirdib: "Təyyarə biletini aldim, gələn gün ona ev tutdum. Amma
tutduğum evi bəyənmədi. Onu otelə yerləşdirdim. Vüsalə məndən 150 min
manat pul tələb etdi. Paylaşdıqlarını silsin deyə ona hər gün 20 manat,
hər ay 300 manat kirayə pulu göndərdim. Eyni zamanda mənə hədə-qorxu
gəlməsi ilə bağlı 34-cü Polis Bölməsinə müraciət etdim. Lakin heç bir
nəticəsi olmadı.
Bütün qohumların, qonşuların yanında biabır olduğumuzdan neçə dəfə
Vüsaləyə xəbərdarlıq etdim. Oğlum Vüsalənin anasının yanına getdi, onun
hərərkətləri barədə xəbərdar etdi. Mən də Vüsalənin yaşadığı ünvana
getdim. Liftdən çıxanda qarşılaşdıq. Qorxutmaq məqsədi ilə özümlə bıçaq
da götürmüşüm. Ancaq onu öldürmək məqsədim yox idi.
Vüsalə məni görən kimi qışqır-bağır saldı. Həm mənim, həm də oğlumun
ünvanına ağır sözlər dedi. Çox qışqırdığını gördükdə bıçağı çıxartdım.
Vüsalə bıçağı əlimdən alaraq pilləkanların arasından aşağıya atdı.
Blokdan çıxanda Vüsalə yenə qışqırdı. Bu vaxt özümdən asılı olmayaraq
bıçağı yerdən götürdüm və Vüsalənin boyun nahiyəsinə bir zərbə vurdum.
Bıçağı tullayıb blokdan çıxdım.
Törətdiyim əməldən peşmanam. Hadisəni törətdikdən sonra polisə getdim,
könüllü təslim oldum. Özümü Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş
vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə
təqsirli bilirəm. Hadisəni affekt vəziyyətində törətmişəm".
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi
ifadəsi açıqlanıb. Həmin ifadədən məlum olur ki, təqsirləndirilən şəxs
ona elan olunmuş ittihamda özünü təqsirli bilmir.
"Boşanıb hər ikimiz ailə qurduq"
Muxtar ifadəsində göstərib ki, 1986-cı ildə Zəminə ilə ailə qurub: "Bu
nikahdan 1987-ci ildə qızımız Vüsalə anadan oldu. Sonradan Zəminə ilə
aramızda ailədaxili narazılıqlar başladı. Bir evdə yola gedə
bilmədiyimizə görə Vüsalə doğulduqdan 2 ay sonra rəsmi qaydada boşandıq.
Vüsalə anası ilə birlikdə Şəki rayonunda yaşadı.
Boşandıqdan sonra 1989-cu ildə Zəminə ərə getdi, mən özüm isə 1991-ci
ildə Günel adlı qadınla ailə qurdum. Bu nikahdan da mənim 2 qız, 1 oğlan
olmaqla 3 övladım dünyaya gəldi.
Günellə evləndikdən sonra Bakı şəhərinə gələrək müxtəlif mağazalarda,
kafelərdə işləyərək ailəmin dolandırmağa başladım. 2018-ci ilədək
qızımla demək olar ki, heç vaxt əlaqə saxlamamışam. Çünki onun anası
Zəminə ikinci dəfə ailə qurduqladm sonra əri mənim Vüsaləyə aliment
verməyimə etiraz etdi. Keçmiş arvadımın və qızımın mənimlə hər hansı
formada əlaqə saxlamasını istəməmişəm".
"Dedim ki, məndən sənə ata olmaz"
Muxtar qeyd edib ki, 2018-ci ildə Vüsalə onun mobil telefonuna zəng
edib, "sən mənim atamsan, mənə maddi kömək et, maddi vəziyyətim çox
aşağıdır" deyib: "Dedim, qulağıma Şəki camaatından çatıb ki, sən düz
yolda deyilsən, pozğunluq edirsən, başqa kişilərlə qeyri-rəsmi münasibət
qurursan, səni kimisindən mənə qız, məndən də sənə ata olmaz.
2022-ci ilin fevralında Vüsalə özünün "zərərçəkmiş şəxs" adlı
"İnstagram" səhifəsində dəniz geyimində və çılpaq şəkillərlə paylaşımlar
etdi. Həmin paylaşımlardan onun Türkiyədəki otellərdən birində olması
açıq-aydın göründü.
Vüsalə bununla kifayətlənmədi, mənim ikinci evliliyimdən olan
övladlarımın şəkillərini həmin şəbəkədə paylaşaraq, şəkillərin altından
təhqiramiz ifadələr yazdı. Oğlum Vüqara dedim ki, oğul, sən Vüsalə ilə
danış, qoy Bakıya gəlsin. O, Bakıya gələndən sonra polisə şikayət edəcəm
ki, Vüsalə məni və ailə üzvlərimizi "İnstagram"da təhqir edir, mənim bu
şikayətimdən sonra da polislər onu tutacaq.
Bunu deyəndən sonra oğlum Vüsalə ilə telefonla danışdı. Oğlumun səyləri
nəticəsində Vüsalə 2022-ci ilin martında Bakı şəhərinə gəldi. Onu
əvvəlcə Novxanı yolunda adını bilmədiyim otelə yerləşdirdim.
Vüsalə təxminən 2-3 gün həmin oteldə qalandan sonra Xətai rayonu, NZS
qəsəbəsində kirayədə yaşadığıma görə Vüsalənin məni və ailə üzvlərimi
təhqir etməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis
Bölməsinə ərizə ilə müraciət etdim. Vüsaləni də NZS qəsəbəsində olan
başqa bir otelə yerləşdirdim.
Şikayət etdiyimi biləndə Vüsalə yenidən övladlarımın şəkillərini
"İnstagram"da paylaşaraq altında təhqiramiz sözlər yazmağa başladı. Tək
yaşayan qızlara ev verilmədiyinə və Vüsalə tək olduğuna görə ona kirayə
ev tuta bilmədim. Vüsalənin qaldığı otellərin pulunu özüm ödəmişəm".
"Pulu qurtaran kimi başlayırdı"
Muxtar qeyd edib ki, daha sonra Zəminə Şəki rayonundan gələrək qızı ilə
birlikdə Xırdalan şəhərində kirayənişin olaraq yaşamağa başlayıb:
"Təxminən bir ay sonra həmin mənzilin sahibi də onları evdən qovdu. Ev
sahibi oğlum Vüqara zəng edərək Vüsalənin yaşadığı mənzilə başqa
kişilərlə birlikdə gəldiyini dedi. Buna görə oğlum məcbur qalaraq
2022-ci ilin may ayında Vüsaləyə Masazır qəsəbəsində "Yeni Bakı" yaşayış
kompleksində mənzil kirayə tutdu.
Vüsalə həmin mənzildə tək yaşamağa başladı. Həm Xırdalan şəhərində, həm
də Masazır qəsəbəsində Vüsaləyə tutduğumuz mənzillərin kirayə pulunu
əvvəlki kimi özüm ödəmişəm. Lakin Vüsalə yenə də məni və ailə üzvlərimi
"İnstagram"da təhqir edirdi. Məndən digər xərclərini ödəmək üçün əlavə
pul istəyirdi. Mən də ona gündəlik olaraq ən azı 20 manat, müxtəlif
vaxtlarda 50, 100, 200, sonuncu dəfə isə 300 manat vermişəm.
Pulu qurtaran kimi o, "İnstagram"da məni və ailə üzvlərimi təhqir
edirdi. Dəfələrlə Vüsalənin yaşadığı "Yeni Bakı" yaşayış kompleksinə
getmişəm. Ona xəbərdarlıq edərək "məni və ailə üzvlərimi biabır eləmə,
insanlar içərisinə çıxa bilmirik" desəm də, sözümə məhəl qoymurdu. Pulu
qurtaran kimi yenidən başlayrdı".
"Qızıma "səni öldürəcəm" dedim"
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə 29 may 2022-ci ildə
təxminən saat 20 radələrində Vüsalənin kirayə qaldığı Masazır qəsəbəsi
"Yeni Bakı" yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən evə gedib:
"Əvvəlcə Vüsalə qapını açmaq istəməs də, ona "qızım, qapını aç, ata-bala
kimi səninlə danışım" deyəndən qapını açdı.
Söhbət zamanı ona dedim ki, qızım, bizim ailəni biabır eləmisən, ATV-də
Zaurun verlişinə çıxıb məndən aliment istəmisən, xahiş edirəm, bu
əməllərindən əl çək, yoxsa səni öldürəcəm. Həmin vaxt qızım məni nalayiq
sözlərlə təhqir etdi, evdən qovmağa çalışdı. Mən də əsəblərimi
cilovlaya bilmədim, onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə, o
cümlədən sifətinə yumruq-təpiklə vurdum.
Mayın 30-da Abşeron Rayon Polis İdarəsinə çağırıldım. Orada məndən
izahat alınaraq Vüsaləınin məndən şikayət edib ekspertizadan keçdiyi və
mənim əməlimə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəyi deyildi.
Qızımın polisə şikayət etməsi məni daha çox əsəbləşdirdi. Eyni zamanda
polisə şikayətdən sonra qızım "İnstagram"da daha da fəallaşdı. Məni və
ailə üzvlərimi daha böyük hirslə təhqir etməyə, oğlu Vüqarın, yeznəm
Əlinin və nəvəm Sevilin şəkillərini öz hesabında paylaşaraq şəkillərin
altından təhqiramiz ifadələr yazmağa başladı".
"Liftin qarşısına gəldik"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Vüsalənin son hərəkətləri onu
daha da hirsləndirdiyinə görə iyunun 3-də, təxminən saat 11 radələrində
kirayənişin yaşadığı 4-cü mikrorayondakı evindən çıxıb və dəqiq
xatırlamadığı dükandan təxminən 2-3 manata bıçaq alıb: "Bıçağı corabımın
içinə qoydum. Sonra Vüsalənin yaşadığı "Yeni Bakı" yaşayış kompleksinə
gəldim. Binanın 7-ci mərtəbəsinə qalxdım və liftin yanında dayanaraq
Vüsalənin evdən çıxmasını gözlədim.
Bıçağı alaraq Vüsalənin yaşadığı evə gələndə onu öldürmək fikrində
deyildim. Bir ata olaraq yenə də Vüsalənin məni və ailə üzvlərimi təhqir
etməməsi, bütün qohum-tanış arasında biabır etməməsi üçün qorxutmaq
istəmişəm.
Təxminən yarım saat 7-ci mərtəbədə liftin yanında gözlədim. Təxminən
saat 12 radələrində Vüsalə evdən çıxaraq pilləkənlərlə 7-ci mərtəbədə
olan liftin yanına yaxınlaşanda olduğum yerdən çıxdım və Vüsalənin
arxasında dayandım. Ona "qızım əl çək bu şantaj və təhqirlərindən, mənim
sənə verməyə pulum qurtaran kimi bizim ailənin hər bir üzvünü təhqir
edirsən" dedim.
Vüsalə qışqıra-qışqıra məni təhqir etməyə başladı. "Səndən sonra oğlun
Vüqarı da biabır edəcəm, onsuz Vüqarı da biabır etmişəm, amma indən
sonra daha çox biabır edəcəm ki, ailəlikcə rüsvay olasınız" söylədi.
"Qızımı öldürdüm, polisə təslim oldum"
Muxtar qeyd edib ki, Vüsalə yenə də təhqirlərə davam edib: "Məni təhqir
edə-edə birlikdə binanın 3-cü mərtəbəsinə qədər endik. Təhqirlərə dözə
bilmədim. Əvvəlcə yumruqla onun burun nahiyəsinə zərbə endirdim. Sonra
corabımın içərisində olan bıçağı götürdüm, qızımın boğazına zərbə
endirmək istəyəndə o, bıçağı əlimdən aldı. Pilləkən qövsünün orta
hissəsi ilə binanın blokunun 1-ci mərtəbəsinə atdı.
Vüsalənin saçından tutaraq pilləkənlərlə onu binanın blokunun 1-ci
mərtəbəsinə endirdim. Birinci mərtəbənin döşəməsində olan bıçaqla
Vüsalənin boğaz nahiyəsinə var gücümlə bir dəfə xəsarət yetirdim. Həmin
nahiyədən zərbə vursam, Vüsalənin tez öləcəyini bilirdim. Mənə müqavimət
göstərməyə çalışsa da, onun bədəninin başqa hansı nahiyələrinə zərbə
endirməyim yadımda qalmayıb. Ola bilər, özümdən asılı olmayaraq
Vüsalənin bədəninin başqa nahiyələrinə də xəsarət yetirmişəm.
Vüsaləni öldürdükdən sonra onu vurduğum bıçağı üzərinə atdım, binanın
blokundan çıxdım. Yaxınlıqdakı meyvə dükanında əllərimi yudum. Amma
dükanın sahibinə hadisə barədə heç bir söz demədim. Yalnız "su verin,
zəhmət olmasa, əllərimi yuyum, barmağımı kəsmişəm" dedim.
Orada dayanmış tanımadığı taksi sürücüsünün maşınına əyləşdim və Abşeron
Rayon Polis İdarəsinə sürməsini xahiş etdim. Növbətçi hissəyə
yaxınlaşaraq qızım Vüsaləni öldürməyim barədə məlumat verdim, polisə
təslim olum".
"Qızıma atası əxlaqsız hərəkətlər edib"
İş üzrə zərərçəkmiş Vüsalənin hüquqi varisi, anası Zəminənin sözlərinə
görə, qızı Vüsalə ilə münasibətləri normal olub: "Mən 18 yaşımda
Muxtarla evlənmişəm, 19 yaşımda boşanmışam. Biz ayrılanda Vüsalə 2 aylıq
idi.
Vüsalə 10-cu sinifdə oxuyanda Muxtar onunla görüşüb, pul verib. Vüsalə 4-cü kursda oxuyanda atasıyla görüşməyə başlamışdı.
Muxtar 2018-ci ildə qızıma qarşı əxlaqsızlıq edib. Qızım Muxtarın oğlunun onunla ər-arvad kimi yaşadığını deyirdi.
Təqsirləndirilən şəxs düz deyir, Vüsalə ona zəng edib. Lakin hər şeyin
bir səbəbi olur. Muxtar Vüsalə üçün kirayə ev tutub. Vüsaləni marketə
işə düzəldib. Vüsalə mənə Muxtarın ona əxlaqsız sözlər dediyini
bildirirdi. İyulun 3-də "İnstagram"da qızımın atası tərəfindən
öldürüldüyü xəbərini eşitdim. Tez qızıma zəng vudrum, ancaq cavab
gəlmədi".
Məhkəmənin hökmü ilə Muxtar 9 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən
edilib.