Azərbaycanda nikaha girən cütlük dini kəbinlə bağlı
izdivaclarını məsciddə reallaşdırıb. Cütlük evli olduqları müddətdə
bir-birlərinin şərəf və ləqayəqinə ləkə gətirməyəcəklərinə hər kəsin
qarşısında and içiblər. Əjdərbəy məscidinin axundu Cavid Məmmədovun
iştirakı ilə baş tutan dini kəbinlə bağlı görüntülər sosial şəbəkələrdə
yayılıb və geniş müzakirələrə yol açıb.
Azərbaycanda geniş yayılmayan və adət halını almayan bu mərasim
ictimaiyyətdə birmənalı qarşılanmayıb.
"Bizim.Media"ya bu barədə danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə əslində bu cür kəbin xristian üsuludur: “Kəbin kişinin və qadının razılığı, hər iki valideynin, yaxud da vəkillərin mütləq iştirakı ilə icra olunur. Bu, Britaniya şiəliyidir”.
Sözügedən videogörüntüdə dini
kəbini icra edən Cavid Məmmədov isə son vaxtlar bu cür mərasimlərin adət
halını aldığını və icra etmək üçün restoranlara dəvət olunduğunu
bildirib: “Şəriətdə və dində, xüsusən kəbinin məsciddə
kəsilməsi ilə bağlı hədis var. Peyğəmbərimiz buyurur ki, kəbini məsciddə
kəsin. Sözügedən videoda bəylə gəlinin mərasimi sondan bir-iki parça
paylaşılıb. Öncədən Quran oxunur və tədbir iştirakçıları həmin Qurandan
faydalanır. Sonra bəylə gəlinin valideynlərindən halallıq və xeyir-dua
istənilir.
Məsələ qızla oğlana gəlir. Onların fikri soruşulur.
Bəlkə onlar məcburi evləndirilir. Çünki məcburi nikah dində qadağandır.
Beləliklə cütlüyün şəriət izdivacına razılığını və vəkilliyni alıram.
Nikaha aid ayələr oxunur və Peyğəmbərimizdən evlilik haqqında hədislər
nəql olunur. Müqəddimat işləri bitəndən sonra kəbinə gəlinir. Şəriətdə
bəylə gəlin əslində özü-özünün kəbinini kəsməlidir. Müsəlmanlar öz
şəriət vəzifəsini bilmədiklərinə görə bir din xadimini vəkil edirlər.
Azərbaycanda
bu, artıq adət olub. Beləliklə xüsusi şəriət cümlələri ilə kəbin
kəsilir. Kəbin kəsiləndən sonra bəylə gəlinə ümumi dua və amin deyilir.
Daha sonra birinci bəydən, sonra isə gəlindən ailə hüquqi haqqında
bir-birinə söz verməsi tərəfimdən icra olunur.
Peyğəmbərdən
gələn hədisləri nəsr halında bəylə gəlinə deyirəm, əgər qəbul
etmirlərsə, bunu da bildirirlər. Olub ki, gəlin bəyə şərt qoyub ki, evli
olduğu müddətdə başqa heç kəslə evliliyi olmayacaq. Bəy qəbul etməyib.
Nadir hallarda olub ki, bəy gələcək həyat yoldaşı ilə evlilik bağını
möhkəmləndirməyə razı olmayıb. İnsandır, özünə arxayın olmadığı üçün bu
sözü vermək istəməyib. Amma ümumi hallarda hamı razılığını bildirib”.
Cavid
Məmmədov sözügedən işi niyə icra etdiyinə də aydınlıq gətirib. O, deyib
ki, Azərbaycanda ailə bağlarını möhkəmləndirmək üçün bu işi öhdəsinə
götürür: “İstər-istəməz hər ailədə narahatlıq və problem
yaranır. Kəbin şahidliyi tədbirdə iştirakdan və ya xeyir-dua verib
getməkdən ibarət deyil. Bəylə gəlin arasında hər hansı narahatlıq
yaransa və ona xəbər yetişsə, müdaxilə edib cütlük arasındakı soyuqluğu
istiliyə çevirmək şəriət vəzifəsidir.
Bəylə gəlini niyə
bir-birinin qarşısında söz verdirirəm? Ona görə ki, onların arasında
sabah problem yaranacaq. Məsələn, oğlan qıza xəyanət edəcək, yaxud qız
pis gündə oğlanı tərk edib anasının evinə gedəcək. O zaman mən müdaxilə
edib söz verdikləri cümlələri onlara xatırladacağam. İstər-istəməz
vicdanı olan insanda müəyyən qədər dəyişiklik olmalıdır. Mənim
Azərbaycanda olan bütün axund və imamlardan fərqli olaraq bu addımları
atmaqda məqsədim ailə bağlarını gücləndirməkdir”.
Cavid Məmmədov dini kəbinlər üçün şadlıq saraylarına da getdiyini vurğulayıb: “Özüm
gedirəm və bəyə təklif edirəm ki, məscidə də gələ bilərlər. Bu, ömürdə
bir dəfə olan bir şeydir. Çoxları məscidə getmir, amma məscid onların
yanına gedir və 5-10 dəq onlara xoş təəssürat bəxş edib cütlüyü Allaha
tapşırırıq. Din xadimləri də deyir ki, axı biz belə şeyə adət etməmişik.
Onlara cavab verirəm ki, heç bir mərasimdə dinin əleyhinə addım
atmıram. Orada hər bir addım ya Quran ayəsidir, ya da Peyğəmbərimizdən
gələn bir hədisdir”.