Yanvar ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 402 müraciət daxil olub. Bu müraciətlərin 300-ü müsbət cavab alaraq müvafiq şəhadətnamələr təqdim edilsə də, 102 müraciət mənfi qərarla nəticələnib. Rədd edilmə səbəbləri arasında tədris yükünün normativdən az olması, dövlət nümunəli olmayan diplomlar, akkreditasiyasız təhsil müəssisələri və qeyri-ekvivalent ixtisaslar kimi hallar yer alıb.
Maraqlıdır, xaricdə təhsil almış şəxslərin diplomlarının tanınmamasında daha çox hansı ölkələrin universitetləri problemlər yaradır?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Ajans.az-a verdiyi açıqlamada deyib ki, hər il 10-15 min nəfərə yaxın vətəndaş xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edir:
"Lakin təəssüf ki, bu müraciətlərin bir qismi qeyri-qanuni yollarla həyata keçirilir ki, bu da diplomların tanınmaması ilə nəticələnir. Xaricdə təhsil almaq üçün qanuni yollar dövlət proqramı çərçivəsində təşkil olunur. Sonuncu belə proqram 2022-2026-cı illəri əhatə edir və bu çərçivədə vətəndaşlar dövlət büdcəsi hesabına xaricdə təhsil ala bilərlər. Lakin bəzi vətəndaşlar qanuni yollardan kənar, əsasən attestatla qəbul olur və bu zaman təhsil keyfiyyəti şübhə altına düşür".
Elçin Əfəndi bildirir ki, diplomların tanınmaması əsasən bəzi hallarda müşahidə olunur:
"Qiyabi və ya distant təhsil – Əgər vətəndaş qiyabi və ya distant formada təhsil alıbsa, onun diplomu tanınmır. Vətəndaş əyani təhsil aldığını iddia etsə də, onun ixtisası ilə bağlı bilik və bacarıqları yoxlanıldıqda ziddiyyətlər ortaya çıxır. Əgər vətəndaş ingilis, rus, fransız və ya digər dillərdə təhsil aldığını iddia edir, lakin dil biliyi yoxlamada yetərsiz çıxırsa, bu da tanınmaya səbəb olur. Vətəndaşın təhsil aldığı dövrdə həmin ölkədə qeydiyyatı və pasport məlumatları yoxdursa, yəni ölkəyə giriş-çıxış tarixləri təhsillə uyğun gəlmirsə, diplom tanınmır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan bəzi ali təhsil müəssisələrinin adları açıqlanıb. Bu siyahıya daxil olan universitetlər arasında aşağıdakılar yer alır: "Gürcüstan Yeni Universiteti, Avropa Tədris Universiteti, Ukrayna Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti, ABŞ Beynəlxalq Atlantik Universiteti".
Ekspert vurğulayır ki, bəzən vətəndaşlar belə universitetlərin adını çəkir, lakin əslində həmin universitetlərin mövcud olmadığı ortaya çıxır. Kortəbii və qeyri-peşəkar yanaşma nəticəsində diplomların tanınmaması problemi yaranır:
"Xaricdə ali təhsil müəssisəsinə müraciət etməzdən əvvəl həmin universitetin statusunu və akkreditasiyasını geniş araşdırsınlar. Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında mövcud məlumatlardan istifadə etmək mümkündür. Xaricdə təhsil alanların artması ilə bu sahədə şəffaflıq və keyfiyyətin təmin edilməsi vacibdir. Gələcəkdə bu kimi problemlərin qarşısını almaq üçün qanuni qəbul yollarına üstünlük verilməsi tövsiyə olunur".