6530e5bd7d151202310231557
Azərbaycanda bu universitet bağlanır? (YENİLƏNİB)

“Bu gün “Naxçıvan” Universitetinə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki, xəbər həvəskarları da yoxlamadan bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu xəbər dezinformasiyadır. Universitetimiz əvvəlki qaydada fəaliyyətini davam etdirir”. 

Qlobal.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov bildirib.

“Eyni zamanda xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb? 

Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan sonra əksinə Universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ hallar tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirilib və təlklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib.

Sabah, 20 oktyabrda Universitetimizdə dünya şöhrətli alim, “Nobel” mükafatçısı Aziz Sancarla naxçıvanlı tələbələrin və ziyalıların videogörüşü olacaq.

Hər kəsdən xahişimiz budur ki, heç bir rəsmi mənbəyə istinad etməyən xəbərlər paylaşılmasın.

Universitetimiz hər zaman media, mətbuat nümayəndələrinə və ümumiyyətlə, cəmiyyətdə hər kəsə açıqdır.

İnanıram ki, biz əməkdaşlığımızı gələcəkdə belə xəbərlərlə deyil, əsaslı və inkişafa töhfə verəcək xəbərlər əssında quracağıq.

Hər kəsə anlayış üçün minnətdarıq”.

***
Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.
Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.
Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib. 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə söhbətlərin gəzməsindən onların da xəbəri var:

Vüqar Ələkbərov
"Universitetlə bağlanması ilə bağlı söz-söhbətlər var. Hələlik bu barədə bizə rəsmi heç bir məlumat verilməyib".  
Universitetin ilk rektoru İsmayıl Əliyev isə Qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verməkdən yayınıb: 

İsmayıl Əliyev
"Yol gedirəm, göydən yağış yağır".

Məhərrəm Talıbov
Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub. Sonradan ali məktəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətinə keçib. Bu ilin fevral ayında Naxçıvan Universitetinə Anar Kazımov rektor təyin edilib.
19.10.2023 12:15
show 616