6463938d228ab202305233037

Azərbaycanda bu şəxslər iyunun 1-dən CƏRİMƏLƏNƏCƏK

"İcbari sığortanın tətbiqi istiqamətində islahatlar aparılıb, texniki və hüquqi prosedurlar başa çatdırılıb. İyun ayının 1-dən icbari sığorta ilə bağlı müqavilələrin bağlanmasına başlanılacaq. Bu, ilk növbədə sığorta bazarının inkişafı ilə yanaşı daşınmaz əmlak subyektlərinin müəyyən hissəsinə icbari də olsa sığortanın tətbiqini həyata keçirməyə imkan verəcək. Eyni zamanda vətəndaşlarda sığorta mədəniyyətinin formalaşmasına təsir göstərəcək".

Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert əlavə edib ki, Azərbaycanda könüllü sığorta anlayışı hələ tam şəkildə vətəndaşlıq hüququ qazana bilməyib: "Bu mənada icbari sığortanın imkanlarından istifadə etməklə daşınmaz əmlakların sığortaya cəlb olunması təmin ediləcək. Düzdür, ölkədə daşınmaz əmlakların qeydiyyatı ilə bağlı müəyyən problemlər hələ də qalır və bu, icbari sığortanın tətbiqində müəyyən problemlər yarada bilir.

İcbari sığorta haqqında qanunvericiliyə görə, sığortaya cəlb olunmayan əmlaklar bunlardır: Yarımçıq tikililər, qəzalı olması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən rəy verilmiş tikililər, özbaşına inşa edilmiş tikililər. Bu tikililər icbari sığortanın predmeti ola bilməz. Bu gün özbşına tikili anlayışında da fikir ayrılığı var. Məsələn, sığorta şəhadətnamələrinin verilməsi zamanı elektron sistemə daxil edilən məlumatlarda evin mülkiyyət sənədlərinin olması əsas deyil. Lakin buna baxmayaraq, mülki qanunvericilik qeydiyyat sənədi olmayan tikililəri də özbaşına tikili kimi qəbul edir.

Burada müəyyən istisnalar çoxmənzilli binalarla bağlıdır. Müqavilə ilə satılan və çıxarışları verilməyən mənzillər bu istisnalara aiddir. Qanunvericilkdə qeyd edilir ki, tikintisi aparılan torpaq sahəsi üzrəində mülkiyyət hüququ olmadan, icazə alınmadan tikintisi həyata keçirilən bütün tikililər özbaşına tikili hesab olunur. İstisna kimi çoxmənzilli binalarda inşa olunan və müqavilə ilə vətəndaşlara verilən mənzilləri qəbul də bilərik. Qalan digər tikililərlə bağlı problem hələ də qalmaqdadır".

Ramil Osmanlı həmçinin deyib ki, icbari sığortanın yığımı bələdiyyə vergiləri ilə oxşar olmayacaq: "Bələdiyyələrin fəaliyyətindəki müəyyən problemlər, əlindəki inzibati resursların azlığı, fiziki imkanların məhdud olması və qanunvericilikdəki boşluqlar vergi yığımları tətbiq etməyə imkan vermir. Lakin icbari sığortada cərimə sanksiyaları nəzərdə tutulub. Bu cərimələr 20 gündən bir yenilənir. Bu cərimələrin mövcud olması vətəndaşları bu prosesə ciddi təkan verəcək".

Qeyd edək ki, icbari sığorta ilə bağlı yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

16.05.2023 18:28
show 3708