6464782d533cd202305234605
Azərbaycanda bu bank LƏĞV EDİLDİ

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib. Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bu barədə Qlobal.net-ə AMB-dən məlumat verilib.

Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə “Günay Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, “Günay Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

“Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

 Bildirilib ki, “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. “Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. 

17.05.2023 10:45
show 548