Azərbaycanda bu avtomobillər və ehtiyat hissələri kəskin bahalaşdı
Baş nazirin
29 mart tarixində imzaladığı qərarla zavod buraxılış tarixinə görə yaşı
10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri
və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna
olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Bu qərar 29 aprel tarixindən qüvvəyə minib.
Hökumətin bu qərarı avtomobil bazarında ajiotaja səbəb olub.
Nəticədə köhnə avtomobillər və onların ehtiyat hissələri sürətlə
bahalaşmağa başlayıb.
Avtomobil satışı ilə məşğul olan şəxslərin bildirdiyinə görə, yaşı
10 ildən çox olan avtomobillərin qiyməti 5-10% bahalaşıb. Satıcılar
növbəti aylarda qiymətin daha da bahalaşacağını bildiriblər.
2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda
6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min
manat civarında idi. Deməli, son vaxtlar köhnə avtomobillərin qiyməti ən
azı 50 faiz bahalaşıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert
Eldəniz Cəfərov da son həftələrdə köhnə avtomobillərin qiymətinin
bahalaşdığını bildirib:
"Maraqlıdır ki, köhnə avtomobillərlə yanaşı, onların ehtiyat
hissəsinə olan tələbat da çoxalıb. Artan təlabat təbii ki, qiymətlərin
də yüksəlməsinə səbəb olub. Məsələn, təkcə mart ayında köhnə
avtomobillərin ehtiyat hissələrinin qiyməti 10 faizədək qalxıb. Qiymət
artımı təbii ki, aprel ayında da davam edib.
Biz proqnozlaşdırmışdıq ki, köhnə avtomobillər may ayının 15-dən sonra bahalaşacaq. Lakin bahalaşma daha tez baş verdi.
Bu bahalaşmanı sürətləndirən amillər var. Səbəblərdən biri
Gürcüstanın Poti limanından ölkəmizə avtomobil daşınmalarını həyata
keçirən şirkətlərin qiymətləri təxminən 50% civarında bahalaşdırmasıdır.
Bu hal ölkəmizə idxal olunan köhnə avtomobillərin qiymətlərinin
artmasına səbəb olub”.