Xəbər
verdiyimiz kimi 4 avqust 2022-ci il tarixində Azərbaycan
Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz
qalıb.
XİN-dən
verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı
törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq,
radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra
qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində
səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə
qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı
əlavə məlumat təqdim ediləcək.
Vyana
Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən
diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə
çatdırılıb. Elə həmin konvensiyaya görə, hər bir dövlət onun
ərazisindəki səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur.
Azərbaycan İngiltərənin və başqa dövlətlərin Bakıdakı səfirliklərini
keyfiyyətli şəkildə qoruyur və indiyə qədər də heç bir problem olmayıb.
Bəs səfirliyimizə hücum edənlər kimlərdir və nə istəyirlər?
Musavat.com-un əldə etdiyi məlumata görə, səfirliyimizə hücum edənlər "The Mahdi Servants Union" (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı ayətullah şirazini təqlid edir. Yaser əl-Həbib kökəncə Küveytlidir, londonda yaşayır.
İranın teokratik rejimi bu radikal qruplaşmanı istehza ilə ''London şiələri'' adlandırır.
Qrup
sünni təriqətinin əleyhdarıdır, öz peyk kanalı vasitəsilə bu cür
təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin arvadı Aişəni
təhqir edənlərə dəstək verir.
Onu da qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.
Bu, radikal qrupun ilk belə həmləsi deyil.
2018-ci
il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü
Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin
birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının
bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və
siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.