Azərbaycan İsraildən təyyarə və raket kimi hava hücumu alətlərindən qorunmaq üçün nəzərdə tutulmuş daha bir Barak MX hava hücumundan müdafiə sistemi alacaq.
“Defence Industry Europe”nin yazdığına görə, alqı-satqının dəyəri 1,2 milyard dollar təşkil edir.
Nəşr bildirir ki, Israel Aerospace Industries (IAI) əvvəllər Azərbaycanda Barak MX-in imkanlarını nümayiş etdirib, sınaqlar zamanı bu sistemin müxtəlif versiyalarının tutucularının bir neçə dəfə buraxılışı olub.
Barak MX - modul tipli mobil hava hücumundan müdafiə sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir. Sistemə müxtəlif mənzilli üç növ tutucu raketlər daxildir: 35 km-ə qədər, 70 km-ə qədər və 150 km-ə qədər. Qeyd etmək vacibdir ki, Barak MX gəmi platformalarında quraşdırıla bilər.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub - İsrailin silah ixracında Azərbaycanın payı 9,1 faiz təşkil edir. (musavat.com)