66fd187acde38202410245506

Azərbaycan dünyanı lərzəyə salan silahlar alır

İsrailin “Hizbullah” və Livanda yerləşən digər proksi qüvvələrə qarşı hərbi əməliyyatları davam edir. Tel-Əviv dəqiq nöqtə atışları və güclü kəşfiyyat hesabına ilk günlərdə təşkilatın rəhbəri Həsən Nəsrallahı zərərsizləşdirməyi bacardı. 

Yəhudilərin dünən axşamkı İran hücumları qarşısında da qətiyyətli müdafiə olunduğunu demək olar. İsrail təkcə hücum deyil, eyni zamanda ən müasir müdafiə təyinatlı hərbi texnika və silahlara malikdir. Ən əsası isə bu hərbi təchizatların mütləq əksəriyyətini yerli istehsal hesabına təmin edir. 

Qeyd edək ki, Tel-Əvivin silah tədarükü baxımından ən yaxın tərəfdaşlarından biri də Azərbaycandır. Ölkəmizin İsraildən tədarük etdiyi silahlar İkinci Qarabağ Müharibəsində olduqca effektiv formada istifadə edildi. Livanda və Fələstində aparılan son hərbi əməliyyatları nəzərə alsaq, İsrail istehsalı olan yeni nəsil silahların nə dərəcədə əhəmiyyətli olduğunu görə bilərik.  

Mövzü ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, İsrailin silahlarının nə dərəcədə vahiməli olduğunu İran belə etiraf edir: “Həqiqətən də İsrailin nöqtə atışları dəfələrlə sübut edib ki, onlar dünyanın istənilən yerində, ərazisində yerləşən hərbi hədəfi və yaxud legitim saydıqları obyekti rahatlıqla zərərsizləşdirir. Bunu dünyada hamı bilir. Hətta bu yaxınlarında İranın keçmiş prezidentlərindən biri Mahmud Əhmədinejad qeyd etdi ki, İsrailin xüsusi xidmət orqanları çox ustalıqla işləyir. Tel-Əvivdə oturan kəşfiyyatçılar dünyanın ayrı-ayrı yerlərində olan müəyyən hədəfləri müəyyən edib məhv etmək əllərində olan yüksək texnologiyaların hesabına olduqca rahatdır”. 

Ekspertin fikrincə, Azərbaycan bundan sonra da İsraildən yeni nəsil silah-sursatların tədarükünü həyata keçirəcək: 

“Sözsüz ki, bu silah-sursatlara maraq da böyükdür. Belə ölkələrdən biri də, sözsüz ki, İsrailin ən yaxın silah tərəfdaşlarından olan Azərbaycandır. Biz İsrail istehsalı silahların 44 günlük Vətən müharibəsində necə həlledici imkanlar təmin etdiyini gördük. Yaxın günlərdə İsrailin yeni nəsil silahlarını biz İran ərazisində də görəcəyik. Çünki İranın dünən etdiyi hücumlar mütləq şəkildə cavabsız qalmayacaq. Tehran dünən ölkə təhlükəsizliyini və dövlətçiliyini təhlükə altına salan addım atdı. İsrailin silahları istənilən dövrdə özünü tam doğruldub. Azərbaycan bundan sonra İsraillə silah tərəfdaşlığını davam etdirəcək. Bakı hər zaman Tel-Əvivlə silah və hərbi texnika tədarükündə maraqlıdır”. 

02.10.2024 13:52
show 305