Ölkə.Az Sami Yusuf ilə bağlı maraqlı faktları bir araya toplayıb.
Sami Yusuf 1980-ci ildə İranın paytaxtı Tehranda azərbaycanlı ailəsində doğulub. Onun nənəsi və babası Bakıdan olsa da, birinci dünya müharibəsindən sonra İrana köçüblər.
Yusuf kiçik yaşlarından musiqiyə böyük maraq göstərib. O, təkcə fortepiano və skripkada deyil, həm də ud, setar, tonbak kimi ənənəvi alətlərdə ifa etməyi öyrənib.
2003-cü ildə hüquq sahəsində karyera qurmağı düşünsə də, o, ilk albomunu buraxıb. "Al-Muʽallim" adlı albomu Yaxın Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiyada trendə çevrilir, Misir və Türkiyədə on iki həftə ardıcıl olaraq hit olur, dünya üzrə milyonlarla nüsxə satılır. Beləliklə qısa zamanda beynəlxalq uğur qazanan Yusifin peşəkar musiqi karyerası başlayır.
Hətta bu albomun sonuncu parçası olan “Supplication” əfqan yazıçı Xalid Hüseyninin əsəri əsasında çəkilən "Çərpələng uçuran " filmində də istifadə edilib.
Onun 2005-ci ildə buraxılan və karyerasında sıçrayışa səbəb olan albomu isə "My Ummah" adlanır. Albom dünya miqyasında dörd milyondan çox nüsxə satılaraq rekorda imza atıb. İkinci albomda yer alan “Hasbi Rabbi” mahnısı da trend ifalardan birinə çevrilib.
Yusuf nüfuzlu Kral Akademiyasında, eləcə də İngiltərənin şimal-qərbindəki Salford Universitetində bəstəkar kimi musiqi təhsili alıb.
Sevilən müğənni 2005-ci ildə almanəsilli xanımla ailə həyatı qurub. Məlumata görə, S.Yusufun həyat yoldaşı hələ onlar tanış olmazdan əvvəl islamı qəbul edib.
Sənətçinin repertuarında ingilis dili ilə yanaşı, ərəb, kürd, Azərbaycan, fars, türk, pəncabi, o cümlədən urdu dillərində də musiqilər yer alıb. Onun işi müxtəlif musiqi üslubları və janrlarının, o cümlədən sufi, xalq və rok musiqisinin elementlərinin qarışması ilə seçilir. İfaçı sosial, mənəvi və humanitar məsələləri həll etmək üçün çoxdilli və çox instrumentalist üslubundan istifadə edib.
Bu günə qədər 8 albom buraxıb və bu əsərlər 34 milyond nüsxədən çox satılıb. Sami Yusuf
təsəvvüf musiqisi, muğam və qəvvalini Qərb klassik musiqisi ilə sintez etməklə məşhurlaşıb.
“Taym” jurnalı müğənnini "İslamın ən böyük rok ulduzu", “Guardian” “Yaxın Şərqin ən böyük ulduzu”, Əlcəzirə isə “İslamın pop kralı” adlandırılıb.
Onun adı həmçinin 2009-cu ildə BBC-nin tərtib etdiyi “30 məşhur britaniyalı” siyahısına da salınıb.
Sami Yusufun humanitar addımları ilə bağlı nailiyyətləri misilsizdir. O, 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı üzrə Qlobal Səfiri təyin edilib.
Sami Yusuf 2019-cu ildə Bakıda YUNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsində çıxış edib. O, tədbirdə şair və mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini özünəməxsus şəkildə xor və orkestrin müşayiəti ilə səsləndirib.
Müğənni həmçinin Bakı konsertində 9 yeni mahnı ilə çıxış edib.
Elə həmin sessiyanın Bakıda təşkili və keçirilməsində fəal iştirakına görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Dünya şöhrətli müğənni 2018-ci ildə Azərtac-a müsahibəsində Azərbaycan dilinə sevgisindən danışıb:
“Böyük Britaniyada böyüdüyüm üçün Azərbaycan dilində sərbəst danışa bilmirəm. Lakin Azərbaycan dili dünyada ilk eşitdiyim dildir. Bu, valideynlərimin, qohumlarımın danışdığı dildir.
Deyərdim ki, bu, qanımda olan və mənə çox doğma dildir. Dilin mədəniyyətləri və xalqları formalaşdırdığı kimi, Azərbaycan dili də mənim həyatımın mənasıdır”.
O həmçinin müsahibəsində Bakını çox sevdiyini, burada özünü evində hiss etdiyini və Azərbaycanda klip çəkdirmək istədiyini də söyləyib.