rövşən

"Azərbaycan Dəmir Yolları"nın yeni sədri kimdir? - DOSYE

Rövşən Mürvət oğlu Rüstəmov Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 

Qlobal.net yeni sədrin dosyesini təqdim edir: 

Rüstəmov Rövşən Mürvət oğlu 6 oktyabr 1980-ci il İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1995-ci ildə Cəfərli kənd orta məktəbində 9-cu sinfi bitirdikdən sonra, orta təhsilini Bakı şəhəri, 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə (“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə) daxil olub. 2001-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib və eyni ildə həmin Akademiyanın “İnzibati idarəetmə” fakültəsinin (“İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası) magistraturasına daxil olub. 2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb. 

Bundan sonra təhsilini davam etdirərək, 2005-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olub. 29 noyabr 2007-ci ildə isə “Aqrar sahənin davamlı inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Daha sonra “Davamlı inkişafın aktual problemləri və tənzimlənməsi istiqamətləri” mövzusunda monoqrafiya üzərində çalıb. 

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra aparıcı mətbu orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin yazılması və təhlillərin aparılması ilə məşğul olub. 2004-cü ilin iyul ayından əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş və burada iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. “Azərpoçt” MMC-də çalışdığı 8 ilə qədər müddət ərzində bir sıra digər funksiyaların icrasına da yaxından cəlb olunub, eləcə də 2005-2010-cu illərdə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) əsas icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru, 5-dən artıq işçi qrupun rəhbəri olub. 

2012-ci ilin 14 fevral tarixindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsinə təyin olunub. 2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. Ailəlidir, 1 övladı var.

26.10.2022 16:46
show 839