Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov olub.
Qlobal.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Bildirilib ki, ötən gecə o, şahid qismində dindirilib.İdrisov ilkin ifadəsində əmin olduğunu söyləyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə insidentdən beş dəqiqə sonra məlumat alıb.
İdrisov PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edib.
O, insidenti ekipajın verdiyi məlumatlara əsaslanaraq son ana qədər quş sürüsü ilə toqquşma kimi qiymətləndirib.
Əli İdrisovun sözlərinə görə, "Xalça" planının tətbiq edilməsi ona 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının hava gəmisinin vurulduğu barədə məlumat verdikdən sonra məlum olub, hansı ki, bu səhvən quş sürüsü ilə toqquşma kimi qəbul olunub.
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində dispetçer Əli İdrisovdan başqa, Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev də dünən axşam dindirilib.
Camlail Bakanaev ilkin ifadəsində əmin olduğuu söyləyib ki, bütün sistemlər işlək vəziyyətdə olub və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb.
Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.
Bakanayev də “Xalça” planının tətbiqi barədə məlumatın insident baş verəndən sonra alındığını təsdiqləyib.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 35 nəfər həyatını itirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.