67482555009e9202411240957

Azadə Azad kimdir? - Gənc rəssamın nakam həyatı

Röyanın ifasında “Əlvida, Gedirəm” adlı mahnını, yəqin ki, eşitmisiz. Bu mahnını əslində gənc yaşda vəfat edən rəssam Azadə Azadın tale hekayəsindən bəhs edir.

Şairə Rəna Mirzəyeva rəssam xanımın nakam həyatına şeir yazır. Mərhum Hikmət Mirməmmədli musiqi bəstələyir. 

Azadə Azad kimdir?


Əliyeva Azadə Azad qızı 1981-ci ildə Bakı şəhərində anadan olur. O, atasının- məşhur rəssam, tanınmış heykəltəraş Azad Əliyevin yolunu davam etdirməyi seçərək rəssam olmağa qərar verir.

Qlobal.net bildirir ki, 1996-cı ildə orta məktəbi bitirib, Əzim Əzimzadə adına Rəssamlıq  Texnikumunun  teatr-dekorasiya fakültəsinə daxil olur. Öz istedadı ilə hamını heyrətə gətirən gənc qız çox çəkmədən 2001- ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” fakültəsinə daxil olur. Çox gözəl qrafika duyumu olan Azadə bir çox texnikalarda əsərlər ərsəyə gətirir. O, bakalavr diplomunun müdafiəsi üçün “Lənkəran qadınları” mövzusunu seçir. Bədii cəhətdən olduqca maraqlı olan və yüksək qiymətləndirilən silsilə əsərləri ərsəyə gətirir. Uğurlarının ardı-arası kəsilməyən daim yaradıcılıq axtarışında olan gənc  rəssam “Yatmış qadın”, “Qadın fiquru”, “Çiçək”, “Abşeronlu kişi”, “Dövlət iqamətgahı”, “Mənzərə”, “İçərişəhər”, “İstirahət edən qadın”, “Qadınlar çay qırağında”, “Sap əyirənlər”, “Qazların dostu”, “Təndir çörəyi”, “Axşama hazırlıq”, “Zənbil toxuyanlar” və s. kimi bir çox sərgilərdə nümayiş olunan və kolleksiyalara daxil olan əsərlərin, bədii obrazlı, milli ruhda yaratdığı gəlinciklərin müəllifi olur.

Bakalavr təhsilini müvəffəqiyyətlə başa vuran Azadə nail olduqlarını daha da zənginləşdirmək üçün qəlbinin səsini dinləyərək bütün bunlarla kifayətlənmir. O,2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin magistr pilləsinə daxil olur. Yaradıcılıq arzuları ilə dolu olan gənc qız elə həmin ildə Azərbaycan Beynəlxalq Universitetinin “Rəssamlıq” fakültəsində müəllim vəzifəsində çalışmağa başlayır. 

Azadə Azad fərdi və  müxtəlif kollektiv sərgilərin də iştirakçısı olmuşdur. Azərbaycanın gənc rəssamları arasında öz yaradıcılığı ilə layiqli yerini tutan rəssam, 1996-cı ildə Respublika və Respublikadan kənar sərgilərdə fəal iştirak edərək texnikumda təhsil aldığı zaman Əlcəzairdə "Dünya gənclərinin əl işləri" adlı sərgidə milli geyimli gəlinciklər kompozisiyası ilə çıxış etmiş 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təşkil olunmuş “Gənc rəssamlar” adlı sərgidə iştirak edərək diplom və mükafatlara layiq görülmüşdür. İstedadlı rəssam 2003- cü ildə Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsinə daxil olmuş,  2004-cü ildə Azərbaycan Dövlət Opera və Balet teatrında yubiley gününə həsr olunmuş dekorasiyanın quruluşçu rəssamı olmuşdur.

Azadəni tanıyan hər kəs- tələbə yoldaşları, müəllimləri onun necə mehriban, xeyirxah, qayğıkeş, gözəl qəlbli və istedadlı olmasından indi də ağız dolusu bəhs edir. O, məhz bu xüsusiyyətlərinə görə böyük bir rəğbət qazanmışdı. Kiçik ömrünə olduqca əhatəli və hərtərəfli yaradıcılıq uğurları sığdırdı bu gənc qız. Ömür vəfa edib tale aman versəydi əgər uğurlu bir sənətşünas olacaqdı.   

Yaradıcılığı ilə həm sənətsevərləri valeh edib, həm də digər gənc rəssamların ilham mənbəyi olmağı bacaran Azadə eyni zamanda nakam həyatı ilə də hərkəsi hüznə boğur. Gənc yaşında ağır xəstəliyə tutulur. Onun gücü, hadisələr qarşısında əyilməməsi Azərbaycan qadınının gücü idi. Əslində Azadə aramızdan sadəcə ayrılmadı. O, ömrünün ən gözəl çağında ikən, hələ 24 yaşında gedişi ilə həyatın yaşatdığı hüznə əyilmədən gedən qadın obrazının rəsmini çəkdi. Azadənin vaxtsız gedişi hərkəsi sarsıdaraq kədərləndirdi. Şairə Rəna Mirzəyevaqızın nakam həyatından bəhs edən “Gedirəm” adlı şeir yazdı. Nəticədə Hikmət Mirməmmədlinin bəstələdiyi və Röyanın ifasında eşitdiyimiz “Gedirəm” adlı mahnı yaranmış oldu.

Azadə gedərək ardında sənətsevərləri buraxsa da həyat eşqi ilə dolu olan əvəzsiz sənət nümunələrini zəngin əsərlərimiz arasına əlavə edərək getmişdir.  Biz onu heç zaman unutmayacağıq! 

28.11.2024 12:35
show 107