65acf422c6e88202401243826
Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir?
Son zamanlar toy qiymətləri ilə gündəmdən düşməyən məşhurların bu dəfə hər ay nə qədər məclisdə iştirak etdiyini araşdırdıq. Şou-biznesin bir çox məşhurları arasında apardığımız sorğu zamanı ayın 20 gününü toyda keçirdiyini deyən məşhurlar da oldu, "Toy yoxdur, toylara gedə bilmirəm" deyib fəryad edənlər də, nə qədər toya getdiyini açıqlamaqdan imtina edənlər də... 

Qlobal.net baku.ws-ə istinadən məşhurlar arasında aparılan həmin sorğunu oxuculara təqdim edir: 

Xalq artisti Röya Ayxan elit məclislərin ən tələbatlı müğənnilərindəndir. Estradamızın sevilən müğənnisini öz xoş günündə görmək istəyənlər kifayət qədərdir. Sənətçi dəvət edildiyi toylarda geyindiyi bahalı və xüsusi libasları ilə xeyli müzakirələr yaradır.

Son zamanlar geyimləri ilə müzakirələrə səbəb olan Xalq artisti Tünzalə Ağayeva ayın 20 günü toya dəvət olunur. Bu barədə sənətçinin prodüseri Yalçın Cabbarov açıqlamasında bildirib.  

Əməkdar artist Elton Hüseynəliyev əsasən toyları bütöv formada idarə edir. Canlı ifaları ilə məclis əhlini feyziyab edən sənətçi ayda 10-15 toyda iştirak edir.  

Müğənni Vəfa Şərifova da hər ay 10-15 toya dəvət edilir. Bu barədə sənətçinin meneceri deyib.  

Müğənni Nüşabə Musayeva saytımıza açıqlamasında hər ay 8-10 toya dəvət olunduğunu bildirib. Bundan əlavə sənətçi hər ay 6-7 qazi toyunda da iştirak edir. İfaçı bu toylara tam təmənnasız qatılır.  

Müğənni Elçin Hüseynov dəvət edildiyi toyları bütöv formada idarə edir. Bu səbəbdən hər ay 8-9 məclisdə iştirak edir. Bu barədə sənətçinin meneceri bidirib. 

Müğənni Mənzurə Musayevanın dəvət olunduğu toy sayı hər ay dəyişir. İfaçının prodüseri bildirib ki, sənətçi elə ay olur 1, elə ay da olur ki 3-5 toyda iştirak edir.  

Müğənni Manaf Ağayev saytımıza açıqlamasında bildirib ki, hər ay dəvət olunduğu toy sayı dəyişir. Ümumilikdə isə ayda 2-3 toyda iştirak edir. Onu da bildirək ki, ötən il ifaçı qazilərimizdən birinin toyunda tam təmənnasız iştirak edib.  

Sorğu ilə bağlı müğənni Üzeyir Mehdizadə ilə də əlaqə saxladıq. Sənətçinin meneceri xarici ölkələrdəki konsertlərin çoxluğundan Mehdizadənin toylara getməyə vaxtı olmadığını bildirib.  

Mövzu ilə bağlı açıqlama verən Əməkdar artist Vasif Məhərrəmli toyların olmadığını bildirib. İfaçı sorğuya "Toy yoxdur, toylara gedə bilmirəm" sözləri ilə reaksiya verib.  

Apardığımız sorğu zamanı, müğənni Zeynəb Həsəninin toylara getmədiyi bildirilib. Bu barədə ifaçının meneceri deyib.

21.01.2024 14:37
show 3793